Ötən həftə “Qarabağ”la səfər matçında heç-heçə oynayan (0:0) “Şamaxı” növbəti çətin sınaqla üz-üzə qalmışdı.
Bu dəfə turnir cədvəlinin lideri “Turan Tovuz”la ayaqlaşmaq lazım gəlirdi. Həm də Tovuzda, 6 minə yaxın azarkeşin qarşısında, tam hazır olmayan meydanda.
Ayxan Abbasovun çalışdırdığı kollektiv ilk hissədə hesabı açmağa nail olsa da, meydan sahibləri vurulan 2 qolla yekunda 3 xala sevinən tərəf oldu.
Sportinfo.az-a açıqlama verən “şirlər”in ukraynalı müdafiəçisi Vladislav Veremeyev məğlubiyyətin səbəbini söyləməklə yanaşı, baş məşqçinin onlara nə deməsini gizlətməyib:
“Qazon niyə belə vəziyyətdəydi, bilmirəm. Ancaq belə meydanda oynamaq həqiqətən çox çətindir. Açıq-aşkar görünürdü ki, örtük oyunu qəbul etməyə hazır deyildi.
İstənilən halda bunu məğlubiyyətə bəhanə göstərmək istəmirəm. Çünki şərtlər hər iki komanda üçün eyni idi.
Ümumi baxanda pis oynamadıq. Lakin buraxdığımız qollar yerinə düşmədi. Xüsusən rəqibin aut atışından sonra qol vurması...
“Turan Tovuz”a hesabda uduzduq, oyunda yox. İki kobud səhvə yol verdik, rəqib də bundan maksimum yararlandı. Belə vəziyyətlərdə diqqətli olmaq lazımdır.
Oyundan sonra baş məşqçimiz bizə başımızı dik tutmağı, gələcəyə ümidlə baxmağı, növbəti görüşlərdə daha yaxşısını etməyi tapşırdı”.
HƏBİB

