“Çətin çempionatdır, burada səviyyəli müdafiəçilər oynayır.
Ona görə də qol vurmaq heç də asan deyil”.
“Şamaxı”nın hücumçusu Karim Rossi Sportinfo.az-a açıqlamasında Premyer Liqanın səviyyəsi barədə danışıb.
Müxtəlif ölkələrdə legioner həyatı yaşamış 31 yaşlı isveçrəli forvard yayda saytımıza verdiyi müsahibədə iddialı açıqlama vermişdi.
Rossi mövsümün sonuna qədər 10 qol vuracağı halda bunu yaxşı, 10 qol həddini keçəcəyi halda əla qiymətləndirəcəyini söyləmişdi.
Maraqlıdır, qarşıdakı oyunlarda nəyə ümid edir?”Yaxşı”nı, yoxsa “əla”nı əlçatan hesab edir?
“Hələ də o fikirdə qalıram və düşünürəm ki, hədəfə çatmaq mümkün olacaq. Bilirəm, buna nail olmaq çətindir, ancaq mümkünsüz deyil.
10 oyunda aktivimdə 2 qol var. “Qarabağ”la oyunda yaxşı imkanlarım olsa da, rəqib qapıçı yaxşı oynadı.
Bir oyunda penaltini yerinə yetirə bilməmişəm, “Araz-Naxçıvan”la qarşılaşmada VAR vurduğum qolu qeydə almadı.
Say 2 yox, daha çox ola bilərdi.
Ruhdan düşmürəm, daha da inamlıyam. Bu şəkildə davam etsəm, 10 qol vuracağıma, hətta bu rəqəmi keçəcəyimə inanıram”.
HƏBİB

