
“Şamaxı”nın qapıçısı Rikardo Fernandes Sportinfo.az-a müsahibə verib.
Portuqaliyalı kapitan komandasının “Kəpəz”ə böyük hesabla uduzduğu oyundan sonra (1:4) sualları cavablandırıb.
- Ağır məğlubiyyəti necə şərh edə bilərsən?
- Bizim üçün uğursuz, rəqib üçün yaxşı gün oldu. Yol verdiyimiz səhvlərə görə məğlub olduq. Növbəti oyunda unutdurmağa çalışmalıyıq.
- “Şamaxı” heç cür özünə bənzəmirdi. Nə baş vermişdi?
- Baş verən heç nə yoxdur. Hər komandanın başına gələ biləcək işdir. Bəzən sənin günün olmur və həmin gün hər şey ziyanına işləyir. Bu, bir nəfərin yox, bütün komandanın səhvlərinin nəticəsidir.
- Yenilgiyə Ayxan Abbasovun paltardəyişmə otağındakı münasibəti necə idi?
- Normal, sakit, təmkinli idi. Komanda ilə söhbət edərək səhvlərimizi diqqətə çatdırdı. Bu məğlubiyyətdən dərs çıxararaq növbəti matçlara hazırlaşmalıyıq. Çünki qarşıda bizi çətin duellər gözləyir.
- Baş məşqçinin fasilə müddətində komanda ilə birlikdə ola bilməməsinin yekun nəticəyə təsir etdiyini düşünürsən?
- Qətiyyən düşünmürəm. Baş məşqçi ilk dəfə milliyə qoşulsaydı, dediyinizi ehtimal etmək olardı. Lakin aylardır bu şəkildə davam edirik. Ayxan Abbasov kənarda olsa da, köməkçiləri buradadır və bütün proseslərə şəxsən nəzarət edir. Ötən ayı yadınıza salın. Milli komandaların fasiləsindən sonra “Karvan-Yevlax”ı 3:0 məğlub etmişdik.
HƏBİB