
Həmişə «Şamaxı»dan danışarkən, iki xüsusu qeyd etmişik: etibarlı müdafiə xətti və kollektiv mübarizə əzmi.
Ayxan Abbasovun başı millilərə qarışıb. Axır vaxtlar, ümumiyyətlə.
Əsas və gənclər yığmaları ona həvalə olunub. Dünən nə yediyini maraqlansan, xatırlaya bilməyəcək.
«Başımı qaşımağa zaman da tapmıram» söyləsə, gülüb eləməyin. Həqiqəti deyir.
Ayxan Abbasovun nəfəsi «Şamaxı»nın üstündən əskik olmasın! Əlli köməkçisi var, az qala. Biri onu əvəzləyə bilmir.
Müdafiə xəttinin etibarsızlaşmasından götürün də. «Kəpəz» dünən yaratdığı fürsətlərin bir çoxunu qola çevirdi, 4:1-lik qələbə əldə etdi.
«Qəbələ» də öncəki tur azı bu qədər qol vura bilərdi «Şamaxı»ya. İnanılmaz epizodları qaçırdılar.
Abbasovun millidə olduğu günlərdə keçirilən məşqlər heç zad! O səviyyədə deyil yəni.
Arxa zonada yol verilən səhvlər tez-tez təkrarlanırsa, deməli, bunların üzərində işlənilmir. Və ya işlənilirsə belə, çox zəif.
«Şamaxı» Həsən dayının karvansarasına dönüb.
Ayxan Abbasovun başını daim uca eləmiş müdafiə xətti artıq onu utandırır. Şəkk və şübhə yox: bir əldə iki-üç qarpız tutanda belə olmalıdır da.
Abdulla Şuaybunın etdiyi o hərəkət… Komandası məğlub duruma düşmüş hücumçu rəqibə sillə-təpik atırsa, bu, intizamsızlığın pikidir.
Abbasov gündəlik işin başında dayansaydı, nə Şuaybu, nə də digərləri özlərini bu qədər boş buraxardı.
KAMİL