
“Burada fiziki güc tələb olunur. Ona görə də Azərbaycan Premyer Liqasında oynamaq heç də asan deyil”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın yeni legioneri Dioqo Balau deyib.
Karyerası əsasən vətəni Portuqaliya klubları ilə bağlı olan 25 yaşlı cinah oyunçusu ilk dəfə legioner həyatını Danimarkada yaşayıb.
Ölkə xaricində ikinci dəfə bəxtini sınayan Balau çempionatımıza qiymət verməklə yanaşı, azərbaycanlı həmkarlarının potensialından söz açıb:
“Azərbaycanda fiziki güc ilk planda dayanırsa, eyni zamanda texniki bacarıqlar da tələb olunur. Çempionatın səviyyəsi Portuqaliya Primerasi ilə yox, Sequnda və III Liqa ilə təxminən oxşardır.
İlk dəfə məşqlərdə iştirak edəndə təəccübləndim. Azərbaycanlı oyunçuların futbolçu keyfiyyəti kifayət qədər yaxşıdır.
Hətta deyərdim ki, bəziləri fiziki hazırlığına görə də fərqlənir. Həm yerlilər, həm də legionerlər Premyer Liqaya rəng qatır.
Açığı, bu dərəcədə yaxşı mənzərə ilə qarşılaşacağımı gzləmirdim”.
“Şamaxı”nın “11 nömrə”si cari mövsümdə meydana çıxdığı 3 oyunda 1 qolla fərqlənib.
HƏBİB