Kasıbın olanı budur!

09:40 Şamaxı 202
Kasıbın olanı budur!

Bu mövsüm Premyer Liqanın transferlərə ən az büdcə ayıran klubu «Şamaxı»dır.

Son üç ayda gələn yeni legionerlərdən yalnız Kerim Rossi 5000 dollar maaş alır.

Digərlərinin aylıq qazancı bu rəqəmin aşağısındadır. 1500-2500 dollar civarında maaşa razı olub bura gələnlər də var.

Bu heyət sabit oyun sərgiləmək, uğurlu qrafik cızmaq potensialından uzaqdır. Eynən ötən sezondakı kimi. Gah udacaq, gah uduzacaqlar.

Şamaxı» ardıcıl 4-5, hətta 6-7 tur məğlubiyyətlə üzləşsə, Yaradanın heç bir qulu yerindən qalxıb, Ayxan Abbasova dodaq büzməməli, məzəmmət etməməlidir.

Bu deyim köhnə, amma hər zaman aktualdır - ucuz ətin şorbası olmaz.

«Sabah»la oyunu çıxarmağa, 1 xal qazanmağa təcrübə və səviyyə çatmadı.

Birinci hissənin ilk 30 dəqiqəsindən sonra oyuna ağırlıq qoymağa başlayan «Şamaxı» fiziki hazırlığı hesabına nəticəyə tarazlıq gətirməyi bacarsa da, davamını gətirə bilmədi, uduzdu.

Eh, hələ o qədər belə oyunlarda yenilgi nisgili yaşayacaqlar ki..!

Heyətin yarısını yerli gənclərdən quran Abbasov, yəqin ki, bütün bunlara hazırdır, istənilən ssenarini gözünün altına alıb.

Axı o, «Şamaxı» ilə yanaşı, gənclər yığmasının qarşıdakı rəsmi oyunlarını da düşünməlidir.

Ona da çox qalmayıb, artıq sentyabrda Avropa çempionatının seçmə mərhələsi start götürəcək.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti