Xəsis rəhbərlik üçün “konfet” hazırlayan və ya 5000 dollarla “baş bişirmək”

17:40 Şamaxı 288
Xəsis rəhbərlik üçün “konfet” hazırlayan və ya 5000 dollarla “baş bişirmək”

«Şamaxı»nın builki hədəfi bəllidir - Premyer Liqada qalmaq.

Keçən mövsüm necə, bu il də elə.

Artım yoxdur və olması da gözlənilmir. Çün klub rəhbərliyi əlini cibinə salmaq, özünü silkələmək istəmir.

Deyəsən ki imkanları zəifdir, kasıbdırlar - belə deyil. Sadəcə, xəsislik edirlər. Vallah, bu işin üstünə bir az düşsələr, «Şamaxı» yağ-bal içində üzər.

Əziyyəti yenə Ayxan Abbasov çəkir. AFFA onu U-21 millisinin sükanı arxasına əyləşdirməsəydi, hal-hazırkı şərtlər daxilində «Şamaxı»da qalmayacaqdı.

Qapıya bir təpik vurub, çıxıb gedəcəkdi.

O, bu yay nə istirahət bildi, nə kef-damaq. Vaxtını yeni komanda formalaşdırmağa həsr elədi.

Məcburi dəyişikliyə uğramış «Şamaxı»ya yenə ucuzvari futbolçular yığıb. Yerli gənclərlə yanaşı, aylıq məvacibi 4000-5000 dolları keçməyən legionerləri bir çardaq altında birləşdirib.

Kaş ki, tezliklə məşqçiliyin başını buraxıb şirniyyat fabriki açardı. «Neftçi» ilə sezonun ilk həftəsindəcə hal əhlinə bəlli etdi ki, ucuz məhsuldan konfet düzəltməyi bacarır.

Bir Rossi tapıb. Kərim adında. Bu Rossiyə bir bədbəxtlik, şansızlıq üz verməsə, «Şamaxı»ya çox kərim olacaq.

Leroy Mikels və Maykl Tulk onun yanında heç kimdir. 5000 dollara xarrat kimi hücumçunu «Şamaxı»ya gətirmək…

Rossi maraqlı tipdir. Zərbə ilə ötürmənin yerini biləndir.

Qapını nişan almaqdan çəkinməyəndir. İkili mübarizəyə girişməkdən qorxmayandır.

Yeri gələndə, müdafiənin mərkəzinədən geri çəkilməkdən deyinməyəndir.

Allah bilir, Abbasov bu isveçrəlinin başını necə «bişirib»!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti