
“Şamaxı” mövsümə uğurlu start verdi.
Bölgə təmsilçisi ilk turda büdcədə və bütün komponentlərdə özündən qat-qat üstün “Neftçi”dən 1 xal qoparmağı bacardı. Həm də rəqib meydanında.
Oyun başa çatandan sonra “Şamaxı” futbolçularının sevincini başa düşmək olardı.
“Şirlər”in yeni transferi David Santos Sportinfo.az-a 90 dəqiqə ilə bağlı təəssüratlarını bölüşüb:
“Debütümün bu cür alınmasına görə xoşbəxtəm. İlk rəsmi oyun olmasına baxmayaraq, yaxşı təsir bağışladığımızı düşünürəm.
Fikrimcə, rəqibdən heç də pis oynamadıq. Statistik göstəricilərə baxsaq, arada ciddi fərq görünməz. 1 xal bizim üçün yaxşı nəticə sayıla bilər. Bu cür davam etməliyik”.
Braziliyalı mərkəz müdafiəçisi hədəfə çatmaq üçün baş məşqçidən hansı tapşırıqları aldıqlarını gizlətməyib:
“Neftçi” həqiqətən güclü rəqibdir. Heyətində kifayət qədər təcrübəli və tanınmış futbolçular var.
Bu cür komandaya uduzmamaq üçün meydanda daha çox qaçmalı, daha az səhv etməli, rəqib futbolçuların rahat hərəkət etməmələri üçün boş zona verməməlisən. Bizə tapşırılanları etdik və 1 xala nail olduq.
Müdafiədə etibarlı çıxış etməyimiz də xeyrimizə işlədi. “Neftçi”nin futbolçularını qapımıza yaxın buraxmamağa çalışırdıq”.
HƏBİB