
Növbəti mövsümdə “Şamaxı”nın qol vurmaq öhdəliyi Karim Rossinin çiyinlərində olacaq.
Hücumun sivri ucunda şans qazanan ucaboy forvard Qəbələdəki yoxlama görüşlərində vurduğu qollarla tapşırığın öhdəsindən gələ biləcəyini göstərdi.
31 yaşlı isveçrəli Sportinfo.az-a verdiyi açıqlamada özünün və yeni komandasının hədəfləri ilə bağlı danışıb:
“Hücumçuyamsa, hədəfim vurduğum qollarla komandama kömək etməkdir. Məni “Şamaxı”ya buna görə dəvət ediblər.
Mövsümün sonunda hesabımda neçə qol olacağını indidən deyə bilmərəm. Deyə biləcəyim odur ki, bir hücumçunun aktivində iki rəqəmli sayda qol olursa, bu, onun yaxşı mövsüm keçirməsindən xəbər verir.
10 qola çatsam, yaxşı, 10-u keçsəm, əla olar (gülür). Önəmli olan tək mənim neçə qol vurmağım deyil, eyni zamanda “Şamaxı”nın uğurudur.
İnanıram ki, komanda şəklində yaxşı nəticələr qazanmağı bacaracağıq”.
İsveçrədə anadan olan əslən mərakeşli futbolçu karyerası ərzində 10 müxtəlif liqada top qovmaqla 318 oyunda 65 qol vurub, 19 qolun ötürməsini verib.
HƏBİB