
“Rəhbərlik bu məsələdə xoş nəticəyə nail olmaq üçün çalışır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.
Növbəti mövsüm Premyer Liqanın 12 iştirakçısı arasında sponsorsuz çıxış edəcək yeganə komanda Şirvan təmsilçisi olacaq.
Hər halda “şirlər” indiyədək çox yerə baş vursa da, arzuladığı cavabı almayıb. Bununla belə, A.Abbasov ümidini itirmir:
“Ötən mövsümdə də bununla bağlı müəyyən görüşlər, danışıqlar olmuşdu. Bəzi xərcli məsələlər var ki, sponsor şirkətlərlə əməkdaşlıqların başlanmasından sonra müəyyən əlavə xərclərə qənaət olunur.
Ölkədə futbola maraq yaxşıya doğru getməkdədir. Dövlətdən yardım olmasa, bəzi klublar fəaliyyətini dayandıra bilər.
Bu cür dəstək klublara motivasiya verir. Lakin əlavə sponsorların olması mütləqdir. Çox istərdik sponsorumuz olsun və biz də iddialı yerlər uğrunda mübarizə aparaq.
Növbəti mövsüm həqiqətən gərgin mübarizə izləyəcəyik. Transferlərə və büdcələrə baxsaq, 6 komandanın avrokuboklar uğrunda mübarizə aparacağı gözlənilir”.