
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovun gəncləri başına yığmaq planı reallaşmayıb.
Həm də gənclər millimizin baş məşqçisi olan təcrübəli mütəxəssisin ilkin siyahısında "Neftçi"dən Murad Məmmədov, Ağadadaş Salyanski, "Sumqayıt"dan Nihat Əhmətzadə, Sənan Muradlı və "Turan Tovuz"dan İbrahim Ramazanovla Raul Məmmədov yer almışdı.
Adıçəkilənlər hamısı gənclər millimizin üzvləridir.
Lakin siyahıdakı 6 nəfərdən birini belə heyətə cəlb etmək mümkün olmayıb.
Hər üç klub "onlar bizə lazımdır" cavabını verib.
Maraq üçün bildirək ki, Raul Məmmədovda ötən mövsüm Birinci Liqa təmsilçisi "Mingəçevir"də icarədə olub.
İbrahim Ramazanov Premyer Liqada debüt etməyib.
Nihat Əhmədzadə 15 görüşdə cəmi 533 dəqiqə meydanda olub.
Sənan Muradlı isə 8 görüşdə 246 dəqiqə yaşıl meydanda görünüb.
O da daha çox Vaqif Cavadovun dövrünə təsadüf edir.
Nisbətən Murad Məmmədov və Ağadadaş Salyanski daha çox oyun keçiriblər. Amma onlar da zaman-zaman baş məşqçi Samir Abasovun qəzəbinə tuş gəliblər. Elə mətbuat önündə.
Belədə hamısının bu gün klublarına lazım gəlməsi heç də inandırıcı görünmür.
Bu qərarın arxasında daha çox qorxu dayanır.
Ki, adıçəkilənlər də gedib "Şamaxı"da Rauf Rüstəmli, Edqar Adilxanov, Rüfət Abbasov kimi parlaya bilər.
O zaman veriləcək "bəs siz niyə bunu bacarmırdınız kimi" haqlı suallara cavab vermək lazım gələcək axı...
XANOĞLAN /SPORTİNFO.AZ