
«Şamaxı» sıxıntı içindədir. Klub dövlətin AFFA vasitəsilə ona ayırdığı dotasiyanın ümidinə qalıb.
Büdcəyə əlavə 1 manat daxil olmur. Xəzinədən danışa bilmərik, çünki burada siçanlar oynayır.
Şamaxı kimi imkanlı rayonun, onlarla böyük iş adamının fəaliyyət göstərdiyi yurdun klubu federasiyanın göndərdiyi pula gözünü dikib dayanıbsa…
Utancverici durumdur, başadüşüləsi, qəbulediləsi hal deyil.
Bunu bir Ayxan Abbasov dilə gətirməmişdi, axır ki, o da dilə gəldi.
Növbəti mövsümün daha sıxıntılı keçəcəyini, ən azından indiki səviyyədə komanda formalaşdırmağın çətinliyinə eyham vurdu.
Abbasovun «Səbail»lə 1:1 bitən matçıdan sonra söylədikləri klubun idarəçilərinə açıq ismarıcdır.
Bu, «Şamaxı»nı indi Premyer Liqada saxladım, gələn il eyni nəticəni təkrarlamağı isə məndən tələb etməyin, heç nəyə söz vermirəm» anlamı daşıyır.
«Şamaxı»da peşəkar idarəçi yoxdur. Ayxan Abbasov onların deməli olduğunu deyirsə… Deməli, bu şəxslərin hamısı həvəskar funksionerdir.
Stadiona xeyli sayda ağır oturub, batman gələn ali qonaq təşrif buyurmuşdu. VİP və ətraf lojalar onlarla dolu idi.
İcra başçısı Tahir Məmmədovun oyunda olacağını eşidən nə qədər adam orada özünə yer tutmuşdu. Başçı «Şamaxı»ya görə yardım aksiyası təşkil etsə, bir nəfər kənara çəkilməz.
Hərəsi üçdən-beşdən versə, Ayxan Abbasov əlinə dəsmal götürməz, narahatlıq yağan açıqlamalarlə ictimaiyyətin nəzərlərini klubun üzərinə yönəltməz. Niyə eləmir, çox qəribədir.
Baş məşqçinin dünən söylədikləri də müvafiq dairələri tezliklə hərəkətə gətirməsə, vay «Şamaxı»nın halına!
KAMİL