"Şamaxı" Tovuzda meydana ağır travma ilə çıxmışdı.
Təkcə ona görə yox ki, komanda son 8 oyunda qələbə üzünə həsrət idi.
Həm də klub ətrafında baş verən neqativ hadisələr qorxunc görünürdü.
Matçdan cəmi 1 gün əvvəl əsas heyətin iki üzvü - Adil Nağıyev və Georgi Kantariyaya qapını göstərmişdilər.
Bir neçə gün əvvəl isə İlkin Muradov komandadan qovulmuşdu.
Onsuz da kasad heyəti olan "şirləri" üçün qısa müddətdə 3 əsas heyət üzvünün xidmətindən məhrum olmasından ağır nə ola bilərdi?
Nəticədə bölgə klubu Rauf Rüstəmli, Edqar Adilxanov kimi gənclərin köməyinə bel bağlamışdı.
Adıçəkilən gənclər başda olmaqla bütün komanda dar gündə "Şamaxı"ya dərman ola bildilər.
Çətinliklərə sinə gərməyə adət etmiş Ayxan Abbasov məharətini növbəti dəfə Tovuzda göstərdi. Bu dəfə "Şamaxı"nın baş məşqçisi kimi.
O, ciddi itkilər, ağır psixoloji zərbənin təsiri altında meydana 11 oyunçu yox, döyüşçü buraxa bilmişdi.
Prinsipial rəqiblə görüşdə onun komandası 90 dəqiqə layiqli mübarizə apardı.
Avrokuboklara vəsiqə uğurunda mübarizə aparan "Turan Tovuz"a çətin anlar yaşatdı.
Xüsusilə birinci hissədə meydanın ağası qonaqlar idi.
Bunun məntiqi nəticəsi olaraq fasiləyə hesabda öndə yollanan (2:1) tərəf də onlar oldu.
İkinci yarı eyni mübarizənin davamını gətirməyə sadəcə fiziki güc yetmədi.
Ehtiyatda isə belə məqamda dada çatacaq sayda oyunçu qalmamışdı. Abbasovun cəmi 3 əvəzetmədən istifadə etməsi də bundan qaynaqlanırdı.
Amma buna rəğmən belə çətin səfərdən qələbəyə bərabər 1 xalla dönmək an məsələsi idi.
Lakin son saniyələrdə Millerin qolu buna mane oldu.
XANOĞLAN İMANOV