Mövsümə fırtına kimi başlayan “Şamaxı”nın işləri yaxşı getmir.
Bölgə təmsilçisi Premyer Liqada keçirdiyi son 8 oyunda qələbə qazana bilməyib. Cəmi 2 heç-heçə ilə yadda qalıb.
Yaranmış vəziyyət “şirlər” üçün həyəcan təbili çalmaqdadır. Startda yığılan xalların hesabına “Neftçi”ylə 7-8-ci yerləri bölüşən şamaxılılar, bu gedişlə autsayder aqibəti ilə barışacaq.
Hazırda görünən mənzərə odur ki, sonuncu olmamaq uğrunda əsas mübarizə “Şamaxı”, “Kəpəz”və “Səbail”in arasında gedəcək.
Lakin komandanın əsas simalarından olan Leroy Mikels nikbindir. Almaniyalı vinger saytımıza açıqlamasında “Şamaxı”nı elitada saxlayacaqlarını deyib:
“Qarşıda bizi çətin oyunlar gözləyir. Keçmişdəki matçları unudub, növbəti görüşlərdə uğur qazanmaq üçün daha çox çalışmalıyıq.
Sonuncu pilləni ağlımdan keçirmirəm. Çünki keyfiyyətli futbolçularımız, yaxşı məşqçilər heyətimiz var.
Komandanı Premyer Liqada saxlamaq üçün nə lazımdırsa, edəcəyik. Ümid edirəm ki, ən qısa zamanda uğursuzluq zolağından çıxacağıq”.
“Şamaxı” qış fasiləsinə qədər “Turan Tovuz”un qonağı olacaq, ardıcıl 3 oyunda “Səbail”, “Qarabağ” və “Sabah”ı qəbul edəcək.
HƏBİB / SPORTİNFO.AZ