Sonuncu dəfə qələbə sevincini oktyabrın 5-də “Şamaxı” ilə oyunda yaşayan “Səbail” növbəti sınaqla üz-üzədir.
Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Bayıl təmsilçisi Premyer Liqanın 16-cı turu çərçivəsində öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək.
Baş məşqçi Cavid Hüseynov bu qarşılaşmada 3 legionerin xidmətindən məhrum olub.
Ağır zədə alaraq ili başa vuran Amir Bilali, eləcə də, kollektiv çalışmalardan uzaq düşən Ayman Buali bu oyunda tamaşaçı rolu ilə barışmaq məcburiyyətindədir. David Qomisin də meydana çıxmayacağı böyük ölçüdə dəqiqdir.
“Qaradağ Lökbatan”la kubok qarşılaşmasında xəsarət alan Madi Queta bir müddət gözləməlidir. Lakin heyət kasadlığı olduğundan, “7 nömrə” məcburiyyətdən şans qazana bilər.
Dekabrın 7-də “ASCO Arena”da baş tutacaq görüş saat 15:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ