"Şamaxı" Premyer Liqanın 10-cu turunda "Araz-Naxçıvan"la doğma meydanda keçirdiyi matça (0:1) ciddi itkilərlə çıxmaq məcburiyyətində qaldı.
Eyni vaxtda komandanın 5 əsas heyət üzvü - Belajdi Pusi, İlkin Muradov, Brahim Konate, Vasiliye Bakiç və Vasiliye Radenoviç müxtəlif səbəblərdən komandasına kömək edə bilmədi.
Təbii ki, kasad heyətə sahib Ayxan Abbasov üçün eyni anda bu sayda futbolçunun xidmətindən məhrum olmaq ağırdı.
Amma tam faydasız olduğunu da demək olmaz.
Belə məqamlar ehtiyat qüvvə üçün özünü təsdiqləmək baxımından bir fürsətdir.
Məsələn, Belajdi Pusiyə rəqabətdə uduzan Conatan Benteke 5 görüşdən sonra ilk dəfə əsas heyətdə meydana çıxdı. Və 90 dəqiqə özünü göstərmək fürsəti olsa da, şansını dəyərləndirə bilmədi. Yəqin ki, özü də hazırkı məqamda albaniyalı forvarddan geri qaldığını aşkar gördü. Bu, üzərində daha çox çalışması üçün ciddi siqnal sayıla bilər.
Bir də var Səbayıl Bağırov nümunəsi...
Bentekedən fərqli olaraq 29 yaşlı mərkəz müdafiəçisinin məşqçilər korpusunun ümidlərini doğrultduğunu demək olar.
İlk dəfə start heyətində meydana çıxan təcrübəli futbolçu komandasının ən yaxşılarından biriydi. Bir neçə dəfə soyuqqanlı müdaxilələri ilə yadda qalan "60 nömrə" hətta bir epizodda topu boş qapıdan geri qaytarmağı bacardı.
90 dəqiqə ərzində hansısa ciddi qüsuru diqqət çəkmədi. İkili mübarizələrdə daim qalib ayrılan tərəf olurdu.
İmkan tapıb bir neçə epizodda komanda yoldaşlarının səhvlərini də sığortaladı.
Qısası, mübariz oyunu ilə Bağırov müdafiəçi yoldaşlarına "rəqabətdə mən də varam" mesajını ünvanlamış oldu.
Böyük ehtimal "Araz Naxçıvan" önündəki performansı onun gələcək oyunlarda daha çox şans qazanmasına yol açacaq.
XANOĞLAN/ SPORTİNFO.AZ