"Araz Naxçıvan" uğurlu çıxışını davam etdirir.
Komanda ikinci dövrəyə də qələbə ilə başladı.
Kollektiv bu dəfə Şamaxı səfərində 3 xala sevindi.
Amma bu, heç də asan başa gəlmədi.
Əslində qarşılaşmadan əvvəl Muxtar respublika təmsilçisinin asan qələbə qazanacağı ehtimal edilirdi.
Çünki meydan sahibləri oyuna ciddi itkilərlə çıxmışdı.
Eyni vaxtda əsas heyətin 5 üzvü - Belajdi Pusi, Brahim Konate, İlkin Muradov, Vasiliye Bakiç, Vasiliye Radenoviç olmadan çıxmışdı.
Çempionatın ən kasad heyətinə sahib olan "şirlər"in eyni vaxtda bu sayda əsas heyət üzvünü itirməsi hətta böyük hesablı məğlubiyyət ehtimalını belə gücləndirirdi.
Amma meydanda hər şey fərqli oldu. Ayxan Abbasovun kollektivi 90 dəqiqə layiqli mübarizə sərgilədi. Bir neçə real qol imkanı yaxaladı.
Yalnız 76-cı dəqiqədə müdafiə xəttinin ani diqqətsizliyindən sonra buraxılan qol bölgə klubunu ən azı 1 xal qazanmaqdan məhrum etdi.
Görəsən, "Araz Naxçıvan"ın gözləniləndən aşağı səviyyədə çıxış etməsi nə ilə bağlıydı? Olmaya planda minimum güc xərcləyib, maksimum nəticə qazanmaq idi?
Suallarımıza cavab olaraq "Araz-Naxçıvan"ın baş məşqçisi bunları dedi:
"Rəqib komandada kimlərin olub-olmayacağını çox da düşünmürük. Bizə maraqlı öz komandamızdır.
Oyun nizamın hər görüşdə saxlamağa çalışırıq. Mən kənardan hiss etmədim ki, komandam qənaətlə oynayır.
Ayxan müəllimin komandaları hər zaman təəccübləndirir. Biz bunu bilirdik. Sıxıntı olacağını gözləyirdik. Düşünürəm ki, daha yaxşı ola bilərik".
XANOĞLAN/ SPORTİNFO.AZ