Daş qayaya rast gəldi – Azərbaycanlı, yoxsa legioner?

10:40 Şamaxı 1 301
Daş qayaya rast gəldi – Azərbaycanlı, yoxsa legioner?

11-ci turun açılış oyunu Şamaxıda baş tutacaq.

Yerli komanda cari mövsümün sürpriz kollektivi “İmişli”ni qəbul edəcək.

Bəlkə də ilk baxışdan matç sıradan təsir bağışlayır. Bölgə təmsilçilərinin yüksək iddialar uğrunda mübarizə aparmaması görüşün sakit tempdə keçəcəyindən xəbər verir. Ancaq yox.

Burada iki məqama xüsusi diqqət yetirmək gərəkir. Hər şeydən əvvəl komandaların turnir cədvəlindəki mövqelərinə baxaq. Şamaxılılar 10 xalla 9-cu pillədə qərarlaşıbda, 12 xala sahib İmişli təmsilçisi 8-cidir.

Bu, o deməkdir ki, meydan sahibləri qalib gələcəyi təqdirdə bir pillə irəliləyib “İmişli”ni geridə qoyacaq, üstəlik, təhlükəli zonada yer alan rəqibləri ilə xal fərqini bir xeyli artıracaq.

Yox, elitanın debütantı sevinən tərəf olsa, 15 xala sahib 7-ci yerdəki “Neftçi”yə yaxınlaşacaq, həm də “Şamaxı” ilə xal fərqini 5-ə yüksəldəcək.

Digər prinsipial məqam baş məşqçilərin adları ilə bağlıdır. Ayxan Abbasov azərbaycanlı məşqçilərin arasında “dəmir müdafiə” qurmaq bacarığı ilə ad çıxarıb. Əks-hücum tapşırığı ilə oynayan “Şamaxı” istənilən rəqibinə baş ağrısı yaratmağı bacarır.

Portuqaliyalı Jorj Kaşkilya isə Abbasovun avropalı oxşarıdır. O da Ayxan bəy kimi taktiki savadı ilə fərqlənir, oyunu müdafiədən qurmağn ustasıdır, komandası əks-hücumlarda son dərəcə təhlükəlidir. “Dəmir intizam” da öz yerində.

Bir sözlə, bu matç eyni oyun üslubuna güvənən komandaların qarşılaşması kimi yadda qalacaq. Təkcə “Şamaxı” – “İmişli” yox, eyni zamanda Abbasov-Kaşkilya duelini izləmək zövq verəcək. Başqa cür desək, daşın qaya ilə mübarizəsini izləyəcəyik. Hansının daş, hansının qaya olduğunu isə 90 dəqiqənin tamamı göstərəcək.

Yeri gəlmişkən, “Şamaxı” oyuna iki ciddi itki ilə çıxacaq. Alfons Msanqa ilə Abdullahi Şuaybu vərəqə cəzalıları olduqları üçün qarşılaşmanı kənardan izləyəcəklər.

Şamaxı şəhər stadionunda gerçəkləşəcək duel saat 13:44-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti