
«Şamaxı» bu mövsüm «Sabah»dan ilk miəğlubiyyəti dördüncü dövrədə aldı.
Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən daha əvvəl gəlmiş, son turları formallığa çevirmiş komandanın Masazırda edə biləcəyi çox şey yox idi artıq.
Ayxan Abbasov uduzduqları matçdan sonra mətbuat konfransında çox vaxt keçirmədi. Qısa danışdı, onda da Fərid Hacıyevdən söz etdi.
Baş məşqçi baş hakimdən gileyləndi, qapılarına vurulan ikinci qoldan öncəki epizoda diqqət çəkdi. Dedi, Fərid nə vaxt onların oyunlarına təyinat alıb, narazı qalıb.
Eh, Ayxan Abbasov, Ayxan Abbasov… Rəhmətliyin oğlu, nə qoyuvb, nə axtarırsan?! Fərid Hacıyev hara, hakimlik hara!
O, bu sahəyə tapşırıqla, tanışlıqla gəlib. Bir uzun boyu var, hakim olmaq üçün potensialı isə yoxdur.
Ayxan Abbasov, öyrən gör, onu bu sahəyə kim dartıb gətirib, kim tapşırıb, sonra sakitləşəcəkçən. Biləcəksən ki, Fərid Hacıyevin icarəçiliyinin arxasında kim
dayanır, kimin tərəfindən qorunur, nə üçün səhvlərinə göz yumulur.
Eh, Ayxan müəllim... Çox şey bilirsən, ona görə yanıb-yaxılırsan, partlayırsan. Amma hələ bilmədiyin şeylər də var.
Fərid Hacıyev AFFA rəhbərliyinə yaxın hakim hesab olunur. Həmkarları onun yanında çox vaxt açıq danışmır.
Ehtiyat edirlər. Qorxurlar ki, birdən nəsə deyərlər, gedib yuxarıda əyləşənlərin qulağına çatar.
Sən özünü və komandanı qoru, Ayxan Abbasov! Çox dərinə getmə!
Yolunun üstünə ikinci Fəridin, üçüncü Fəridin çıxmaması üçün.
O, hakim deyil və olmayacaq. Birinci Liqada belə, tərəf tutan, kapitana «səsin gəlməsin» deyə qışqıran birindən sən daha nə gözləyirsən?
MUSA