“Neftçi"də bir-iki nəfər vardı, artıq cavablarını aldılar”

1 Mart 21:50 Səbail 533
“Neftçi"də bir-iki nəfər vardı, artıq cavablarını aldılar”

Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi"nin qonağı olan “Səbail” 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra jurnalistlərin sualları cavablandıran “dənizçilər”in hücumçusu Rauf Əliyev maraqlı məqamlara aydınlıq gətirib.

- “Neftçi” ilə oyunu necə dəyərləndirərdiz? Son dəqiqələrədək xal qazanacağınıza ümid var idi?
- “Neftçi” evdə oynayırdı, üstün idilər. Çempionluq üçün mübarizə apardıqlarından bizi çətin oyun gözlədiyini də bilirdik. Onu hiss etdirdilər. Çox epizod oldu, fərqləndilər. Son dəqiqələrdə bütün komanda ilə hücuma atıldıq. Qolu vura bildik və çox vacib bir xal qazandıq.

- Oyundan öncə sosial şəbəkələrdə “Səbail”in “Qarabağ” üçün oynayacağı, sonadək döyüşəcəyi qeyd edilirdi. Siz həqiqətən “Neftçi”ni büdrətmək üçün mübarizə aparırdız, yoxsa özünüz üçün meydana çıxmışdız?
- Belə bir şey yoxdur. “Səbail” “Qarabağ”ın ikinci komandası deyil. Biz özümüz üçün oynayırıq. O biri klublarla xal fərqimiz elə çox da deyil. İndi sosial şəbəkədə hər şey yazırlar. Rəylərə də baxırsan, bir xal qazanan kimi deyirlər ki, “Qarabağ”a kömək edir. Digər matçda isə başqa kluba kömək etdiyini yazırlar. Bu, olan şeydir.

- Sabiq komandanızı cəzalandırdığınızdan bu matçı sizin üçün özünü sübut oyunu saymaq olarmı?
- Əsas odur ki, qol vurdum. Buna çox sevinirəm.

- Amma fərqləndikdən sonra “Neftçi”yə nəsə jest etdiz...
- Bir-iki nəfər vardı, artıq onlar cavablarını aldılar. Bu, futbolçular deyil. Özləri kimləri nəzərdə tutduğumu bilirlər.

- “Səbail” qış fasiləsində “Qarabağ”dan sonra hansısa kluba uduzmur. Bunu nə ilə əlaqələndirərdiz?
- Mən yeniyəm. Hamı hazırlaşır. Məqsədimiz inamlı oynamaqdır. “Qarabağ”la matçda da 80-ci dəqiqədə qol buraxdıq. Bir xala yaxın idik. “Qəbələ”, “Keşlə” ilə görüşlərdə də yaxşı çıxış etdik. Uğurlu seriyamızı davam etdirmək istərdik.

- “Neftçi”də hansısa dəyişiklik hiss edilmir. Oradan ayrıldığınıza, qollar vurduğunuza sevinirsizmi?
- Ordan getməyimin xeyri daha çox oynamağımdır. Bu yaşadək hara getmişəmsə daim meydanda olmuşam. Amma “Neftçi”də az oynamışam. Avropa Liqasında çıxış etsəm də, çempionatda az şans verildi. Soruşduqda, problemi bir-birinin üzərinə atırdılar. Amma “Səbail” oynayacağım yerdir. Ola bilər ki, “Neftçi” çempionluq üçün mübarizə aparır, bizim iddiamız azdır. Əsas oynamağımdır və “Səbail” mənim üçün daha rahatdır.

Xəbər Lenti