“Səbail” - Görünən kəndə bələdçi lazım deyil!

13 Dekabr 2023 20:00 Səbail 437
“Səbail” - Görünən kəndə bələdçi lazım deyil!

Ötən mövsüm güc-bəla ilə Premyer Liqada qalmaq hədəfinin öhdəsindən gələn “Səbail”in cari mövsümdə necə təsir bağışlayacağı çoxları üçün böyük sual idi.

Keçən ildən qalan sınıq-salxaq komanda yayda əsaslı təmir olunaraq növbəti yarış üçün hazır vəziyyətə gətirildi.

Yay toplanışı, yoldaşlıq görüşləri, cəlb olunan legionerlər “dənizçilər”ə uğur gətirməliydi.

Startın uğurlu olduğunu deyə bilmərik. 3 oyunda əldə olunan 1 xaldan sonra əksəriyyət Şahin Diniyevi daşa tutur, məşqçilik dövrünün keçmişdə qaldığını iddia edirdi. İşlər yaxşı getmirdi, daşlar yerinə oturmamışdı.

Lakin Tovuz səfərində qazanılan qələbə ardıcıl 4 oyunluq qalibiyyət seriyası gətirdi, “Səbail” 6 matçda məğlubiyyətin nə olduğunu bilmədi. 6 görüşdə qazanılan 16 xal Diniyev soyadını yenidən dillərə saldı, bu dəfə qəhrəman kimi.

Bir də baxdıq ki, Bayıl təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində yer alaraq, sərgilədiyi oyun və ardıcıl qələbələrə görə avrokuboklara vəsiqə uğrunda əsas namizədlərdən sayılır.

“Səbail” yenə “qara zolağ”a düşüb. Son 7 qarşılaşmada 1 qalibiyyət var, komanda son 4 oyunda 2 dəfə məğlub olub, 2 halda heç-heçəyə razılaşıb. Amma vəziyyət katostrofik deyil.

“Dənizçilər” 3-cü pilləni “Neftçi”yə verib, “ağ-qaralar”a xal fərqi isə cəmi 2-dir. “Qarabağ” xaric, digər komandalardan heç biri ardıcıl 3-4 zəfəri bayram edə bilmir.

Bayıl təmsilçisinin 4 oyundur qələbə üzünə həsrət qalmasının bir nömrəli səbəbi baş məşqçinin optimal heyətə əl uzada bilməməsidir. Artıq xeyli vaxtdır zədəli futbolçuların çoxluğu başa bəla olub.

Cabir Əmirli əməliyyat olunub, Adil Nağıyev kollektiv çalışmalardan uzaq düşüb, Süleyman Əhmədov sıradan çıxıb, Ağabala Ramazanovun yaşıl meydanlara nə vaxt qayıdacağı bilinmir,

Aleksandr Ramalinqom 3 həftəlik aradan sonra optimal formasını yığmağa çalışır, David Qomis meydana iynə gücünə çıxır.

Müalicə alanların çoxluğu azmış kimi, yerli futbolçuların sayının və keyfiyyətinin yetərli olmaması da nəticələrə öz təsirini göstərməkdədir. Necə deyərlər, görünən kəndə bələdçi lazım deyil.

Bu qədər itkinin fonunda nisbi uğursuzluq anlaşılandır. İndi “Səbail”dəkilərin gözləntisi qış fasiləsinin tez gəlməsidir ki, hamı sağalsın, gümrah olsun.

“Dənizçilər”in növbəti rəqibləri “Qəbələ”ylə “Sumqayıt”dır. Növbəti mümkün 3-4 xal vəziyyəti xeyli yaxşılaşdıracaq, “Səbail”in adını yenə dillərdə gəzdirəcək. Bu dəfə qəhrəmanların toplaşdığı komanda kimi.

Yeri gəlmişkən, turnir cədvəlində 2-ci pillə ilə 7-ci yer arasında cəmi 7 xal fərq var. Çünki hamı bir-birini udur, heç-heçələrin sayı çoxdur, oyunlarda aşkar favorit yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti