Premyer Liqa klubunun baş məşqçisinin bir qərarında İKİ ZƏRƏR

22 Noyabr 2023 23:40 Səbail 727
Premyer Liqa klubunun baş məşqçisinin bir qərarında İKİ ZƏRƏR

Yay fasiləsində “Səbail”ə böyük ümidlərlə transfer olunan Amil Yunanovun burada işləri yolunda getmir.

Şahin Diniyev təcrübəli futbolçuya ehtiyat qüvvə gözü ilə baxır.

Düzdü, Diniyevi buna görə qınamaq ədalətli olmaz.

Axı komandanın digər forvardı Aleksandr Ramalinqom əla mövsüm keçirir.

Madaqaskar millisinin üzvü arxadan qalan müddətdə meydana çıxdığı 12 matçda 6 qolla yadda qalıb.

O, bununla Bayıl təmsilçisinin ən sərrast futbolçusudur.

Premyer Liqada isə bombardirlər cədvəlində “Qarabağ”ın hücumçusu Olavio Juninyodan sonra (10qol) ikinci pillədə qərarlaşıb.

Belədə ona yox, Amilə necə güvənəsən?

Bir sözlə, əsas heyətdə meydana çıxmaq əcnəbi futbolçunun haqqıdır.

Amma bu da əsas vermir ki, komandanın 2 hücumçusundan biri olan Amil gününü ehtiyat skamiyada keçirsin.

Bu məqam təkcə millimizin sabiq üzvünə zərər vermir, həm də “Səbail” bu zərəri hiss edir.

Ramalinqom mümkün deyil ki, bütün mövsümü eyni formada keçirsin. Bundan başqa “90 nömrə”nin hər an zədələnmək, cəzalı duruma düşmək ehtimalı var.

Necə ki, 12-ci turda “Turan Tovuz”la matçda ciddi zədə alan hücumçu minimum 3 həftəlik sıradan çıxdı.

Belədə onu əvəzləyəcək yeganə hücumçu Amil Yunanovdur. Amma o da buna hazır deyil.

Çünki baş məşqçi arxada qalan 12 turda cəmi 53 dəqiqə ona şans verib.

Təbii ki, belədə hazır olmaq, lazım olanda meydana çıxıb kollektivə dəstək olmaq müşkül məsələdir.

Əbəs deyil ki, “Qarabağ”la son turun görüşündə Ramalinqomun yoxluğunda belə biz Yunanovu əsas heyətdə görmədik.

12 turda 53 dəqiqə keçirən futbolçu bir anda necə 90 dəqiqə keçirsin?

Diniyev də bunun fərqinə vararaq ilk hissə yarımmüdafiəçi Pedro Nunonu məcburiyətdən sivir ucda oynatmalı oldu.

Yəqin ki, düşdüyü durum təcrübəli mütəxəssisin bundan sonrakı matçlarda yerli hücumçuya daha çox zaman verməsinə zəmin yaradacaq.

Ki, növbəti dəfə oxşar vəziyətdə eyni çətinliyi yaşamasın. Axı Amilin formada olması yalnız özünə deyil, komandaya da dar gündə mütləq faydalı olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti