Ayıb olsun onlara!

5 Noyabr 2023 18:35 Səbail 3 087
Ayıb olsun onlara!

«Səbail»in baş məşqçisi Şahin Diniyev dünənə kimi hakimlərdən ən çox şikayətlənən həmkarlarının siyahısına başçılıq edirdi.

Hətta VAR-ın da onların əleyhnə işləməsindən danışırdı.

Bu gün isə o, susur. Ona görə yox ki, danışmaqdan yorulub, bunun mənasız olmasına içində əminliyi yaranıb.

İndi bu, Diniyevə sadəcə sərf etmir. Neçə həftədir ki, ağzına fit, əlinə bayraq alanlar «Səbail»in lehinə yanlış qərarlar verməkdədir.

«Turan Tovuz»la matçı 2 nəfər qazandı. VAR otağında əyləşən Əliyar Ağayev, meydanın mərkəzində fırlanan Kamranbəy Rəhimov 3 xalı alıb «Səbail»ə verdi.

Bu ikili Şahin Diniyevin bacarmadığını etdi. Yenə də ayıb olsun onlara!

Göz görəsi «Turan»ın haqqına girdilər. Diniyev Ağayevlə Rəhimova açıq tekstlə təşəkkür bildirməsə də, hakimlərin birtərəfli qərarlarına susmaqla mənim nəzərimdə dəyərini lap itirdi.

Bu 3 xalla heç nə olası deyil, nə «Səbail» avrokuboklara gedəsidir, nə də «Turan». Premyer Liqadan düşmək qorxusu da başlarının üstünü almayıb.

Mövsümü elə orta sıraların birində başa vuracaqlar. Diniyev olmayan hörmətini qaldırmaq fürsəti əldə etmişdi, onu da oyunun içindəki hadisələrə səssiz qalmaqla boşa verdi.

Bu şəxs düzəlməyəcək. Yəqin elə düşünür ki, həmişə belə olacaq, hakimlər bir də onun komandasına badalaq vurmayacaq.

Bu gün «Turan»ın xalını, xallarını «oğurlayan» yaramazlar sabah «Səbail»in də əl-ayağını yerdən üzəcək.

Futbol belədir: bir gün üstdəsən, bir gün altda.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti