Vəkildən ŞOK İDDİA! “PFL qanunsuz olaraq onun müqaviləsini...”

2 Noyabr 2023 19:00 Səbail 982
Vəkildən ŞOK İDDİA! “PFL qanunsuz olaraq onun müqaviləsini...”

“Səbail”in sabiq futbolçusu Tural Bayramlının hüquqlarını qoruyan Elcan Həsənli Sportinfo.az-a açıqlama verib.

Hüquqşunas müdafiəçisi olduğu futbolçunun “Səbail”lə davam edən məhkəmənin yekun qərarı və bundan sonra atılacaq addımlar barədə danışıb:

“Bu məsələ ilə bağlı lap əvvələ gedim. Klubla onun arasında 2 illik müqavilə vardı. Ötən mövsümün sonu Turala bildiriş göndərilərək müqaviləyə birtərəfli qaydada xitam verildi.

Müqaviləyə iki halda xitam verilə bilər – Müqavilənin bitməsi və tərəflərin qarşılıqlı razılığı əsasında. Birtərəfli qaydada olanda aydınlaşdırılmalıdır ki, üzrlü səbəbdir, yoxsa yox.

Biz də hesab edirik ki, klub əsassız olaraq müqaviləyə xitam verib. Buna görə AFFA-nın Transfer Komitəsinə müraciət edərək bir illik əməkhaqqını təzminat olaraq tələb elədik.

Bizim tələbimiz təmin edilmədi və heç bir əsaslandırılmış cavab verilmədi. Müqavilədə belə bir bənd vardı ki, klub istənilən vaxt müqaviləni ləğv edə bilər.

Qərarı buna istinad edərək haqq qazandırmağa çalışırlar. Amma biz əvvəldən də bildirmişik ki, belə bir bənd FİFA-nın qaydalarına ziddir.

Əsassız olaraq müqaviləyə əlavə edilib və qanunsuz olaraq Peşəkar Futbol Liqası (PFL) tərəfindən təsdiq edilib. Yekunda komitə bizim iddiamızı qəbul etmədi.

Qərarın sonrakı günü apellyasiya şikayəti verdik. Hazırda iş Apellyasiya Arbitaj Tribunalındadır.

Çıxarılan qərarla yenidən razı olmasaq, 21 gün müddətinə hüququmuz var ki, İdman Arbitraj Məhkəməsinə müraciət edək.

Çünki biz hesab edirik ki, çox ciddi məsələdir. Sona qədər futbolçumuzun pozulan hüquqlarının bərpası uğurunda mübarizə aparacağıq”.

Xatırladaq ki, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi hazırda "Araz-Naxçıvan"da çıxış edən Tural Bayramlının şikayətini rədd edib.

25 yaşlı yarımmüdafiəçinin sabiq klubu "Səbail"dən kompensasiya tələbi və "dənizçilər"ə idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddiası təmin edilməyib.

"Səbail" yayda Tural Bayramlı ilə yollarını ayırıb.

Oyunçu klubun müqavilə şərtlərinə uyğun olmadan onunla yolları ayırdığını əsas gətirərək şikayət etmişdi. O, Bakı təmsilçisindən bir mövsüm ərzində alacağı məbləği istəyir.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti