Azər Məmmədovun “Kəpəz”i çalışdırmağa razılıq verməsindən sonra sual doğuran məqam “Səbail”də onu kimin əvəzləyəcəyidir.
Paytaxt təmsilçisinin məşqçilər korpusunda əsas köməkçi olan gəncəli mütəxəssisin gedişi Şahin Diniyevin işini çətinə salmaya bilməz.
Odur ki, Diniyev ən qısa müddətdə sağ əli hesab edəcəyi yeni köməkçi tapmalıdır.
Şahin bəy Sportinfo.az-a məlum məsələ ilə bağlı açıqlama verib:
“Açığı, bu, bir anda baş verdi. Belə olacağını gözləmirdim. Azər müəllim zəng vurub halallıq istədi, razılaşdıq və yollarımız ayrıldı.
Azər Məmmədova gələcək karyerasında uğurlar arzulayıram. Nə gizlədim, qısa müddətdə köməkçi tapmaq mənim üçün çətindir.
Məşq prosesini aparacaq əsas məşqçiyə ehtiyac var. Bu barədə tələsik qərar vermək mümkün deyil. Ona görə də bir müddət gözləməliyəm”.
Məmmədovun gedişindən sonra “Səbail”in məşqçilər korpusunda Elmir Xankişiyev, Kərim Diniyev və Fuad Əsədov qalıb.
HƏBİB

