Premyer Liqada qalmaq tapşırığının öhdəsindən son anda gələn “Səbail” ciddi dəyişikliklər astanasındadır.
Çempionat başa çatar-çatmaz 9 futbolçuyla yollarını ayıran “dənizçilər” hələlik yalnız yerli futbolçuların keçidini həll edib.
Süleyman Əhmədov, Yusif Nəbiyev, eləcə də, Rüfət Abdullazadə növbəti mövsümdə Bayıl təmsilçisinin uğurları üçün tər tökəcək.
Lakin bu, hələ son deyil.
Bütün mövqelərdə iki futbolçusunun olmasını istəyən baş məşqçi Şahin Diniyev hazırda bütün diqqətini azərbaycanlılara ayırıb.
“Neftçi”nin maraq dairəsinə düşən Emil Balayev “dənizçilər”ə konkret cavab vermədiyindən, “çərçivə”ylə bağlı sual cavabsız qalıb. Emil getsə, yerinə yerli qolkiper gətiriləcək.
Yusif və Süleymanın gəlişi ilə kifayətlənməyən bayıllılar daha bir cinah müdafiəçisinin xidmətində maraqlıdır.
Dayaq yarımmüdafiəçi, həmçinin, hücumçu axtarışları da davam etdirilir.
“Səbail” qarşıdakı günlərdə daha 3-4 azərbaycanlının keçidini həll edəndən sonra legioner axtarışlarına başlayacaq. Yeni mövsümdə komandanın uğurlu çıxış etməsi üçün 4 əcnəbi futbolçunun gətirilməsi planlaşdırılıb.
HƏBİB / SPORTİNFO.AZ

