Elxan Məmmədov onun yerinə gəlmiş şəxsi kimlərin “dil” i ilə gözdən salmaq istəyir?

4 İyun 2023 23:00 Səbail 1 405
Elxan Məmmədov onun yerinə gəlmiş şəxsi kimlərin “dil” i ilə gözdən salmaq istəyir?

Premyer Liqada növbəti mövsüm avqustda start götürəcək.

AFFA-nın baş katibi Sərxan Hacıyev sözünün arxasından qaçmasa, gələn “futbol ili”nin iştlrakçılarının sayı artmayacaq, 10 olaraq qalacaq.

Bu halda I Divizionun yeni çempionu “Araz naxşıvan” elitaya yüksələcək, Premyer Liqada axırıncı yeri tutmuş “Şamaxı” isə əks marşrut üzrə hərəkət edəcək.

O bəllidir ki, bu cür sonluq “Şamaxı”lılara yaman pis təsir edib, hələ də gözlərinə inanmırlar.

Bu dəqiqənin özündə də möcüzəyə bel bağlayırlar və düşünürlər ki, axır məqamda hansısa “ağ atlı oğlan” hardansa peyda olacaq, onları Premyer Liqada saxlayacaq.

“Şamaxı”ya güzəşt edilməsini istəyənlər çox deyil. Medianın ciddi qismi bu klubun ölkə futboluna müsbət təsiri barədə fikirlərə qatılmır.

Diqqət yetirmisizsə, “Şamaxı” rəsmiləri “Səbail”lə sonuncu oyundan bəri gözdən itib. Nə dinən var, nə danışan.

Sanki hamısı pərdənin arxasında gozlənib və oğrun-oğrun boylanırlar ki, görən, kim nə edəcək, nə danışacaq. Ümumən, “Şamaxı”ya istimai yanğı hədsiz zəifdir.

Ortalığa düşən təkəm-seyrək məşqçilər var, onlardan biri də Şahin Diniyevdir.

Məhz “Şamaxı”nı udaraq güclülər dəstəsində qalan “Səbail”in çalışdırdıcısının məlum son açıqlaması “bir budaqda oturub, min budağı silkələmək” kimi anlaşılıb.

Beş ay əvvələ kimi maaş aldığı AFFA-nın “bostanına daş atan” Diniyev iddia edib ki, idman prinsiplərinin pozulması ilə dünya dağılmaz.

Nə oldu, o, dünənədək federasiyadan söhbət düşəndə, güldən ağır söz demirdi, həmişə ehtiyatlı tərpənirdi, indi isə gözünə heç nə görünmür.

Elə fikirləşirsiz ki, o, şir ürəyi yeyib? Diniyevi danışdıran var və həmin şəxsin kimliyi bizə məlumdur. Bu adam Elxan Məmmədovdur - AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi.

FİFA-nın Paris ofisinin hazırkı direktoru Diniyevə AFFA-nın məsul əməkdaşlarından birinin vasitəsilə “çıxıb”.

Hansı ki, həmin federasiya nümayəndəsi “Səbail”in baş məşqçisinə yaxın olmaqla yanaşı, tez-tez Sərxan Hacıyevin həndəvərində görünür və altdan-altdan sabiq baş katibə “mətbəx söhbətləri”ni çatdırır.

Məlumatlıyıq ki, Elxan Məmmədov yaxınlarda yeni təklif sürüb. O, Premyer Liqanın gələn mövsümündə neçə klubun iştirak edəcəyi ilə bağlı federasiyadaxili müzakirələrə qoşulub və bu sayın artırılmasını istəyib.

E.Məmmədov elita üçün 10 klubu məqbul adlandırmayıb, bu rəqəmin 12-yə çatdırılmasını məsləhət görüb.

Qurumun prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin ayrı-ayrı üzvləri ilə bu yöndə məşvərətləri davam etdirən E.Məmmədov bildirib ki, Premyer Liqanın sıralarını region təmsilçilərinin hesabına genişləndirmək lazımdır.

Zənn etməyin ki, bu adamın bölgə klublarına canı yanır. O, daş ürəkli və yalnız şəxsi çıxarlarını düşünən biridir.

14 ilə yaxın AFFA-da işlədi və kim olduğunu, nələr “bacardığını” gördük.

Sabiq marketoloq baş katib olandan sonrakı illər ərzində istər Premyer Liqada, istıərsə də I Divizionda iştirakçı sayı sürətlə azaldı, qalan klubların bir çoxuna nəzarəti də öz əlinə keçirdi. Azərbaycan futbolu tarixində 8 komandalı çempionat da bu illərə təsadüf etdi və bu, 6 il sürdü.

Elxan Məmmədovun son təklifi sabiq müavini Sərxan Hacıyevi gözdən salımağa hesablanıb.

Onlar xeyli müddətdir yola getmirlər. Mehriban düşmənçilik həddini keçiblər. Hacıyev Parisdən gələn göstərişləri yerinə yetirməkdən imtina edir,

SOCAR-ın yeni rəhbərliyi ilə yaxınlaşmağa səy göstərir. Onun mövqeləri son vaxtlar bu çevrələrdə bir qədər möhkəmlənib.

Ötən ay baş katib vəzifəsinə gəlməsinin 1 ayı tamam olmuş Hacıyev sərbəst çalışmaq kursu götürməsi Məmmədovu qəzəbləndirib və əlindən gələni edir ki, onu cəzalandırsın.

“Bir güllə ilə iki dovşan vurmaq” prinsini işə salan Məmmədov bir yandan Rövnəq Abdullayevin onun təklifini dəstəkləməsinə çalışır, o tərəfdən də Hacıyevi icrimaiyyətin gözündən salmağa.

Axı baş katib mövsümboyu dəfələrlə deyib ki, Premyer Liqada tərkib dəyişə bilər, say isə yox. Bu rəqəm 12 olsa, Hacıyevin sözünün çəkisi düşəcək, ona simpatiya bəsləyənlərın sıraları seyrələcək.

O, bundan sonra nə açıqlama versə, hamı ağız büzəcək, söyləyəcək ki, əşşi, bu da boşboğazın biridir, buradan deyir, oradan dediyini “yeyir”.

Belə bir dönəmdə Şahin Diniyev kimi “mütəxəssislər” Elxan Məmmədova lazımdır. İkibaşlı məqsədinə çatmaqdan ötrü.

Diniyev bunu başa düşmür? Nə danışırsız, o, bu cür “oyunlar”ın sənətkarıdır. Bu kimi məsələlərdə nə “piyada”, nə də “top” olandır.

Sadəcə, adam özünü Məmmədova borclu sayır. Axı məhz sonuncu onu 2015-ci ildə “Kəpəz”ə baş məşqçi göndərmişdi və 2017-ci ilin payızında çulunu sudan quru çıxarmasına kömək olmuşdu.

Gəncə klubunun o dönəmdə açılan “maxinasiya dosye”sini nəzərdə tuturuq. Hansı ki, dövrü media Diniyevin də bu “proses”də yaxından iştirakına dair çoxsaylı məlumatlar yazırdı.

Başqaları ya vəzifəsindən oldu, ya da topladığı pullar əllərindən çıxdı.

Diniyev isə bir müddət sonra heç nə olmamış kimi, yenidən köhnə iş yerinə - AFFA-nın Məşqçilər Komitəsinə döndü. Əlbəttə ki, yenə ovaxatki baş katibin xeyir-duası ilə.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti