12 klub və yerli futbolçu bəhanəsi - Həqiqətən canı yanır, yoxsa..?

31 May 2023 16:00 Səbail 1 814
12 klub və yerli futbolçu bəhanəsi - Həqiqətən canı yanır, yoxsa..?

Premyer Liqada mövsümün xoşbəxti «Qarabağ», bədbəxti «Şamaxı» oldu.

«Köhlən atlılar» çempionluq titulunu özündə saxladısa, «rəsədxanaçılar» sonuncu yeri tutdu və I Divizionun yolunu tutdu.

10-cu pilləyə enməmək uğrunda rəqabət onlarla «Səbail» arasında gedirdi. İş elə gətirdi ki, bu iki komanda axırıncı turda üz-üzə gəlməli oldu.

«Dənizçilər» Bayılda keçirilən qarşılaşmanı 1:0 hesabıyla öz xeyrinə bitirdi və elitada qaldı.

"Səbail"in baş məşqçisi Şahin Diniyev matçdan sonra media mənsubları önünə çıxaraq, gündəm yaradan açıqlamalar verdi. O, «Şamaxı»nın Premyer Liqada saxlanılmasını istədiyini söylədi:

«İçimdə bir söz var, deyəcəm. "Şamaxı"nın birinci diviziona düşməsi Azərbaycan futboluna vurulan ən böyük zərbə olacaq. İdman prinsipini deyə bilərsiz.

Hamını "Şamaxı"nı Premyer Liqada saxlanılması üçün səsləyirəm. Reqlament varsa, hər üç liqada olmalıdır.

Birinci dəstədəki sonuncu komanda niyə Region Liqasına düşmür? Demək ki, idman prinsipi pozulur. Cavid Hüseynov yaxşı komanda hazırlayıb.

Çempionatda rəqabət var idi. Onlar üçün nələr etmişdilər. Çətin olacaq. Son nəfəsimizə qədər "Şamaxı"nın getməməsini istəyən ən böyük şəxs mənəm. İdman prinsipindən danışmaq tezdir.

Eyni reqlament üç liqada varsa, aydındır. Amma idman prinsipi təkcə Premyer Liqadadır? "Şamaxı" çox yaxşı komandadır.

Futbolumuzun inkişafını istəyiriksə, hərdən göz yummalıyıq. "Turan Tovuz" və "Kəpəz" ötən mövsüm neçənci yeri tutub gəldi?

Onda idman prinsipi yada düşmürdü. "Şamaxı"nın gedişi ilə Azərbaycan futboluna ziyan vurduq.

Oyunların sayı çox olacaq. Həm hüququ, həm də idman prinsipi cəhətdən ən düzü budur.

Çempionatda 12 komandanın olmasına qərar verəcək şəxslərdən biri keçmiş iş yoldaşım Vaqif Sadıqovdur.

İndiyə kimi fikrimi ona çatdırmamışam, amma bundan sonra 12 nəfərin hər birindən xahiş edə bilərəm ki, "Şamaxı"nı Premyer Liqada saxlasınlar. Hüquqi cəhətdən də sübut da edə bilərəm».

Şahin Diniyev bu fikirlərində səmimidirmi? Qətiyyən! Guya, o, nə vaxt səmimi olub ki?

Ötən ilin dekabrından «Səbail»də işləməyə başlayan çalışdırıcı özündən, «çörək yeri»ni itirməkdən narahatdır.

«Şamaxı»nın Premyer Liqada qalmasını, klub sayını 12-yə çatdırmağı ona görə istəyir ki, gələn mövsüm hazırkı vəziyyətlə üzləşməsin.

Zəif iştirakçı sayı nə qədər çox olsa, «Səbail»in onları qabaqlamaq şansı artacaq. Avrokuboklara iddialı komanda formalaşdırmaq barədə söylədikləri, sadəcə, xülyadır və inandırıcı görünmür.

«Səbail» bu mövsüm 9 milyon manatdan artıq vəsait xərclədi. Doqquz milyonun qarşılığında 9-cu yer, sadəcə, biabırçılıqdır.

Bu boyda pulla ortabab komanda qura bilməyən Diniyevə, görün, əlavə nə qədər vəsait ayrılmalıdır ki, istədiyini həyata keçirə bilsin.

Açığı, «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) sədri Rauf Vəliyevin bundan da artıq büdcəni Diniyevin qarşısına qoyması da az ağlabatandır. ASCO pulu dənizdən yığır, küçədən yığmır.

Lap 10 milyonun üstündə büdcə də versə, zəmanət yoxdur ki, Diniyev «Səbail»i liqanın iddialıarından biri etsin.

Nə olsun, bu sezon da 9 milyon ayırmışdılar və əmin idilər ki, avrokuboklara vəsiqə qazanacaqlar.

Çempionatda yerini yalnız son həftədə təmin edə bilən «dənizçilər»ə baxarsız – bu yay ən çox legioner gətirən klublardan biri olacaqlar.

Diniyevin «Şamaxı»ya və orada forma geyinən yerli futbolçulara canı yanır? Yox, əşşi!

Onun özündən və özünkülərdən başqa heç kimə canı yanmır. Sadəcə, «maska»dadır.

Doğrudan da, azərbaycanlı gəncləri belə sevəndisə, nədən AFFA-nın Məşqçilər Komitəsinin üzvü olduğu uzun illər ərzində bircə də onların lehinə təşəbbüs və ya təkliflə çıxış eləmədi?

Niyə bu müddətdə ağzına su alıb oturdu? Bəlkə yadından çıxıb 2005-2008-ci illər. Milli məhz onun baş məşqçi olduğu zaman legionerlərin «oylağ»ına çevrilib.

Düşərgəni milliləşdirilən əcnəbilərlə doldurmuşdu. Əsas heyətdə 6-7 yadelli yer alırdı.

Bir gecənin içində saxta sənədlərlə pasport alan xariciləri milliyə soxuşduran siz deyildiz, Diniyev?

Ukrayna ilə yoldaşlıq oyununda qeydə alınan 0:6 hesablı məğlubiyyəti futbolçuların «ayağına yazan», özü sudan quru çıxmağa çalışan başqası idi, Diniyev?

Siz deyildiz, siz idiz də elə. Rəşad Sadıqov, Mahmud Qurbanov, Zaur Tağızadə kimi xeyli sayda aparıcı simalara camur atıb komandadan uzaqlaşdıran, «xosunbaylar»a milli formanı geyindirən də siz olmusuz, Diniyev!

Çertoqanovlar, muzıkalar, ernanilər, subaşiçlər, laqadalar, nə bilim, daha kimlərə Azərbaycanın formasını peşkəş edən siz olmusuz ey!

Doğrudanmı, yaddaşınız belə korlanıb? Heç inanmağım gəlmir.

Siz, indi bilərəkdən, qəsdən bu cür danışırsız, ictimaiyyəti axmaq yerinə qoyursuz!

Biz o günləri yaşamış, görmüş insanlarıq.

Hər şey gözümüzün qabağında olub və sizi də ta həmin tarixdən tanımışıq.

Olduğu və olduğunuz kimi! Bu cür «tamaşalar» qurmağa da, xahiş edirik, bir daha cəhd göstərməyin. Bizlər hələ bu meydanı tərk etməmişik, buradayıq.

Adam 6 ay əvvələ kimi AFFA-da işləyib, maaş alıb. Federasiyanın yanlış addımları barədə danışmaq yalnız «Səbail»ə gələndən sonra yadına düşdü?

Niyə onda danışmırdı? Klubun real sahiblərinin AFFA-nın hazırkı rəhbərliyinə soyuq münasibət bəsləməsini biləndən sonra yadına düşdü ki, aha, deməli, filan-filan problemlər var imiş, idman prinsipləri pozulurmuş…

Puah! Nə tez yuxudan ayıldız, Diniyev?

Gedin, bir az yatın. Həyatdır da, bir də ayılarsız ki, yenə AFFA-ya qayıtmalı olmusuz. «Səbail»də işlədiyinizi də qoy, biz yadınıza salaq.

Bu klubda bütün vacib qərarlar bir anın içində verilir, bugündən sabaha ümid azdır. AFFA ilə bütün «körpülər»i yandırmağa təsləsməyin.

Federasiya idman prinrsiplərinə riayət etmək istəyirsə, siz və digər məşqçilərin borcudur ki, onu dəstəkləyəsiz.

Özgə vaxt özünüzə «mütəxəssis» deyirsiz ey!

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"