
Premyer Liqanın sonuncu turunun nəticəsi xüsusi prinsipiallıq daşıyan qarşılaşması “ASCO Arena”da baş tutacaq.
Bu gün Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail”lə “Şamaxı” üz-üzə gələcək.
“Dənizçilər” 26 xalla 9-cu, aktivində 25 xal olan şamaxılılar sonuncu pillədə qərarlaşıb.
Bölgə təmsilçisi elitadakı yerini qorumaq üçün mütləq və mütləq qələbə qazanmalıdır. Digər hallarda mövsümün başa çatmasına sevinən bayıllılar olacaq.
“Səbail”in bolqarıstanlı legioneri Emil Martinov Sportinfo.az-a açıqlamasında məlum qarşılaşma ilə bağlı fikirlərini bildirib:
“Hər iki komanda üçün vacib oyundur. Bizdə buna yaşamaq uğrunda mübarizə deyirlər.
Həm “Səbail”, həm də “Şamaxı” Premyer Liqada qalmaq üçün əlindən gələni etməyə çalışır. Bir növ çempionatın final oyunu olacaq.
Qalib gələn elitada qalacaq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Ən böyük üstünlüyümüz doğma meydanda, doğma azarkeşlərimizin qarşısında inamlı təsir bağışlamağımızdır. Bu üstünlükdən mütləq yararlanmalıyıq.
Oyunun hansı hesabla başa çatacağını deyə bilmərəm. Hesab neçə olur-olsun, təki qələbə bizim olsun (gülür)”.
Emil Martinov cari Premyer Liqa mövsümündə meydana çıxdığı 24 oyunda 1 qol vurub.
HƏBİB