Ya klub idarəçiləri dəyişəcək, ya da Qurbanov istefa verəcək

21 Avqust 2022 21:00 Səbail 3 936
Ya klub idarəçiləri dəyişəcək, ya da Qurbanov istefa verəcək

“Səbail” sürətlə bir ayrılığın havasını udmağa hazırlaşır.

Adətən, belə deyirlər ki, bir qazanda iki qoçun başı qaynaya bilməz.

Bu klubda belə “qoçlar”ın sayı nə birdir, nə ikidir, bir neçədir.

Avrokuboklara vəsiqə iddiası ilə Premyer Liqada yeni mövsümə start verən və geridə qalan 3 turda qələbə üzü görməyən “Səbail” daxildə təlatüm yaşayır.

Klubda heç nə yolunda getmir və meydandan kənarda baş verən neqativ hadisələr istər-istəməz meydanda öz əksini tapır. Gərginlik, çaxnaşma olan yerdə nəticə əldə etmək qeyri-mümkündür.

Rauf Vəliyev – klubun baş sponsorunun bir nömrəli adamı artıq seçim qarşısındadır: ya idarəçiləri dəyişməlidir, ya da məşqçi korpusunu.

Mahmud Qurbanov VİP-lojada şirniyyatın dadına baxıb, onun haqda şirin danışmayan, əksinə, ona ağız büzən bu funksioner heyəti ilə yola davam edə bilməyəcək.

Onların öz seçimi olmadığı üçün. Vəliyev Qurbanova arxa dayanmasa, “Səbail” avrokuboklar arzusundan tezliklə vaz keçib,

Premyer Liqada son pillələri tutmamaq mübarizəsinin içinə enəcək. İndi əsir-yesir günündə olan “Şamaxı”ya qalib gəlməyi bacarmayan “Səbail” sabah birdən-birə “fontan” edə bilməz.

Mahmud Qurbanovun əleyhdarları elə klubun bazasında lövbər salmış şəxslərdir. Futbolçularda baş məşqçi haqda mənfi rəy yaradan, üz-üzə qoyanlar da onlardır.

Bir komandanın üzvləri ki hər gün hansısa neqativi görür, eşidir, avtomatik onda bir qıçıq hissi oyanır. İnsandır da, çiy süd əmib.

Əlbəttə ki, o, bu xaosun içində çaşbaş qalacaq, itib-batacaq, meydanda cani-dildən döyüşməyəcək, qələbə uğrunda çarpışmayacaq.

Necə ki, bunu eləmirlər və ara sakitləşməyənə, sular durulmayana kimi də onlardan gözləniləni etməyəcəklər.

Acı həqiqət sadəcə bundan ibarətdir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda