"Qarabağ"a "hegemon", "Turan"a "şanssızlıq" dedik, bəs bu gün?

19 Avqust 2022 14:00 Səbail 1 521
"Qarabağ"a "hegemon", "Turan"a "şanssızlıq" dedik, bəs bu gün?

İlk turda futbolumuzun hazırkı hegemonu "Qarabağ"a məğlub olan (1:3), ardınca ötən həftə debutant "Turan Tovuz"la bacarmayan (0:1) "Səbail" bu gün Şamaxıda meydana çıxacaq.

Buna mövsümdəki ilk 3 xal üçün ən münasib səfər də deyə bilərik.

Bayıl təmsilçisi legionersiz, yenilənmiş və daha çox gənclərə üstünlük verən rəqibə qarşı meydana çıxacaq.

Böyük ümidlərlə sükan arxasına gətirilən Mahmud Qurbanov hələki istəniləni vermir. Bu yolda hansısa qığılcım da görünmür.

Sadəcə "bəlkə, düzələr" təsəllisi var.

O da bu gün qırılmasa...

Qırılmaması üçün Qurbanov özündən də təcrübəsiz Cavid Hüseynovun komandasını məğlub etməyin yolunu tapmalıdır.

"Səbail" bu "Şamaxı"nı da udmasa kimi udacaq? Əsla və əsla məqsədimiz bölgə klubunu aşağılamaq deyil.

Yəqin ki, hər kəs büdcələr arasındakı uçurumun, heyətlər arasındakı ciddi fərqin yaratdığı reallığı görür.

Elə yeni mövsümə hazırlıqda da "Səbail" rəqibini ən azı bir baş üstələdi. Daha tez başlayıblar, daha sanballı rəqiblərlə yoxlama matçları keçirilib və ölkə xaricinə çıxış baş tutub.

İndi qalır bircə udmaq və 3 xala sevinmək. Bu gün surpirzə yer yoxdur. Birinə hegemon dedik, digərinə şanssızlıq.

Amma bugünkü məğlubiyyət də yox, xal itkisinə izah, bəraət yoxdur. Yəqin ki, Qurbanov və yetirmələri də bunun fərqindədir. İndi ehtimal edirik, həqiqəti isə 90 dəqiqənin sonu biləcəyik. Gözləyək...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”