Laurentsiu Regekampfın “qara siyahısı”na düşən Fəhmin Muradbəyli növbəti dəfə karyerasını başqa komandada davam etdirəcək.
Ötən ilin qışında Samir Abasovun planlarına uyğun gəlmədiyi üçün “Şamaxı”ya icarəyə verilən 26 yaşlı yarımmüdafiəçi yenidən həmin vəziyyətlə üzləşib.
Sportinfo.az xəbər verir ki, Muradbəylinin xidmətində Premyer Liqanın bir neçə klubu maraqlıdır.
Bunlar “Kəpəz”, “Şamaxı” və “Səbail”dir.
Lakin ən real variant sonuncular görünür. Çünki Fəhminin özü də paytaxtda, həm də vaxtilə heyətində top qovduğu komandada oynamaq istəyir. “Dənizçilər”in baş məşqçisinin futbolçuya yaxşı tanış olan Mahmud Qurbanov olması da sövdələşmənin mümkünlüyündən xəbər verir.
Hazırda klublar arasında bu yöndə danışıqlar davam edir. Yaxın günlərdə məsələyə nöqtə qoyulmalıdır.
Fəhmin Muradbəyli 2017-ci ilin əvvəlindən 2020-ci ilin yazına qədər “Səbail”in şərəfini qoruyub ki, bu komandada meydana çıxdığı 61 oyunda 6 qola imzasını yazdırıb.
HƏBİB

