Azərbaycanda bir məşqçinin "ayağının altını necə qazmaq olar"?

9 İyun 2022 14:00 Səbail 1 487
Azərbaycanda bir məşqçinin "ayağının altını necə qazmaq olar"?

«Səbail» yeni mövsümə ötən illərdən fərqli hazırlıq görür.

«Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) klubun büdcəsini artırıb və bu, hər açıqlamada, hər xəbərdə özünü büruzə verir.

Bayıl təmsilçisi mayın 24-dən – Aftandil Hacıyevin Mahmud Qurbanovla əvəzlənməsini rəsmən bəyan edəndən bəri transfer bazarında fəallıq göstərir.

Hələlik yeni müqavilə imzalayanlardan Ağabala Ramazanov kənardan – «Zirə»yə gəlib. O da 2019-cu ilin yanvarında buranı tərk etmiş tanış simadır.

Tural Bayramlı, Adil Nağıyev, Ədilxan Qaraəhmədov, Turan Manafov, Cabir Əmirli – bunlar da komandada qalan «köhnə qvardiya» üzvləridir.

Maraqlısı odur ki, əslində, bu futbolçularla hələ Aftandil Hacıyevlə anlaşılsa da, «dənizçilər» onlarla kontrakt bağlandığını məhz indi açıqlayır.

Elə Ramazanov da keçmiş baş məşqçinin transfer siyahısında yer almış biridir. Buradan çıxan nəticə odur ki, klub rəhbərliyi Hacıyevi yola salsa da, onun hazırladığı siyahı ilə hərəkət edir.

Mayın 13-də Hacıyevlə müqavilə müddətini 1 il uzatmış, 10 gün sonra anlaşmaya birtərəfli qaydada xitam vermiş «Səbail» başbilənləri, belə anlaşılır ki, öncədən «oyun» qurub. Bunun işartıları təkrar-təkrar üzə çıxmaqdadır.

Yoxsa Premyer Liqanın son turundakı lazım matçı niyə əldə bayraq etsinlər ki?

Düşərgədə qalmayacağını bilən futbolçuların üstünlük təşkil elədiyi heyətlə «Sumqayıt» qarşısına çıxan və 0:5 hesablı məğlubiyyət alan «Səbail»də islahatı baş məşqçi postuna qaytarmaq, görəsən, hansı ağılın, hansı məntiqin məhsuludur?

Nə deyəsən, bəlkə də onlara him-cim ediblər ki, qəsdən böyük hesabla yenik düşün, sizi saxlayaq, Hacıyevi göndərək. İmanımı yandıra bilmərəm, bəlkə də elə olmayıb.

Amma nəsə təsadüfi hadisəyə oxşamır. «Sumqayıt» 10 ildən artıqdır Premyer Liqada qüvvəsini sınayır, hələ 5:0 hesabıyla qalib gələ bilməmişdi.

Mövsümün geridə qalan həftələrində qol vurmağı yadırğayan rəqibin birdən-birə 5 dəfə fərqlənməsi elə «Səbail»in başında çatlamalı idi?

Bu klub AFFA-nın nəzarətindədir. Digər 4 Premyer Liqa təmsilçisi ilə bərabər. İdaretmə mexanizmi də oxşardır: funksionerlər federasifanın xeyir-duası ilə təyin olunur və hamısının başında Müşahidə Şurası dayanır.

Hansı ki, bu şuralar de-fakto kağız üzərində mövcuddur və ildə 1-2 dəfə toplaşarlar, ya toplaşmazlar. «Səbail»də isə şura, ümumiyyətlə, son 2-2 ildə gözə dəymirdi.

Klubun rəsmi saytının, sosial şəbəkə hesablarının şuranın toplantı keçirməsi haqda sonuncu xəbəri nə vaxt verdiyini heç kim xatırlamır.

Ən çətin dövlərdə qaçıb haradasa gizlənən, üzə çıxmayan şəxslərin qəfildən «Sumqayıt»la oyunun axşamı bir araya gəlməsi, sizcə, öncədən təşkil edilmiş qurama iş deyilmi?

Buradakı adamlar 0:5-dən belə təəsirlənmişdilərsə, nədən bundan da ağır periodlarda səsi çıxmırdı, məşqçilərə, futbolçulara dəstək olmurdu?

Mahmud Qurbanov, yəqin ki, hara gəldiyini bilir. Dəvətini qəbul etdiyi şəxslərin səmimiyyətinə inanmasa, qazanacaq. Çox təhlükəli, «pult»la idarə olunan «fatılar»ın əhatəsindədir.

Onlara bel bağlasa, Aftadil Hacıyevin aqibətini yaşayacaq. Təbii ki, biz bunu istəməzdik. Çünki Qurbanov bir futbol markasıdır, dəyərli personadır.

Hansısa «farik»lər, nə bilim, ASCO-nun futboldan bixəbər məmurları onun əlinə su tökəcək qədər deyil. Mütləq ki, şərti şumda kəsib və irəliləyən həftələrdə bu adamları özünə, komandaya yaxın buraxmayacaq.

Bulanıq suda balıq tutmağa öyrəşmiş fiqurantların biri paltardəyişmə otağının qapısından içəri keçəcəksə, «Tütək səsi»ni yenidən ekranlaşdırmaq lazım gələcək.

Amandır, Qurbanov özünü qorusun, buna yol verməsin!

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti