Mahmud Qurbanovun gəlişindən sonra “Səbail”də “təmizləmə” və yenilənmə əməliyyatı davam edir.
Artıq bir neçə futbolçu ilə yeni müqavilə imzalanıb. Yerlilərdən başda Əfran İsmayılov olmaqla bir neçə futbolçu ilə yollar ayrılıb.
Deyilənlərə inansaq, komandanı tərk edənlər arasında təcrübəli oyunçuların olacağı gözlənilir.
Onlardan Rahid Əmirquliyevlə Rauf Əliyevin adını çəkə bilərik. Hələ ki, bu yöndə yenilik yoxdur. Amma yaxın gələcəkdə yeni məlumatların olacağı şübhə doğurmur.
Rauf Əliyev Sportinfo.az-a verdiyi açıqlamada son iki ilyarımda şərəfini qoruduğu komandada gələcəyi haqda danışıb:
“Səbail”lə danışığımız davam edir. Komandada qalıb-qalmayacağım haqda indidən dəqiq nəsə demək çətindir.
Razılığa gəlsək, karyeramı bu komandada davam etdirəcəm. Alınmasa, başqa təklifləri gözdən keçirəcəyəm”.
Vaxtilə “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi”, “İnter” (indiki “Şamaxı”), “Qəbələ” kimi komandalarda çıxış etmiş tanınmış hücumçu 2020-ci ilin əvvəlindən şərəfini qoruduğu “Səbail”in heyətində 54 oyunda 9 qol vurub.
HƏBİB

