"Düşünürdüm ki, maaş daha yaxşı olar, əksini görüncə, razılaşmadım"

8 İyul 2020 21:40 Sabah 1 781
"Düşünürdüm ki, maaş daha yaxşı olar, əksini görüncə, razılaşmadım"

Sportinfo.az xəbər verir ki, mövsüm başa çatar-çatmaz “Sabah” “təmizlik” işlərinə start verdi.

Ötən çempionatda “tələbələr”in formasını geyən Kərim Diniyev, Vadim Abdullayev, Cavid İmamverdiyev, Rəşad Eyubov və Məqsəd İsayevlə yollar ayrıldı ki, xüsusən son iki nəfərin gedişi yetərincə təəccüblü oldu.

Rəşad meydana çıxdığı oyunlarda ən yaxşılardan sayılırdı. Meydanda can qoymaqla komandasına az fayda vermirdi. Məqsəd isə “Sabah”da ən şox oyun keçirənlərdəndi.

Lakin onunla da yeni müqavilə imzalanmadı. Əslində ayrılığı baş məşqçi Jelko Sopiçin istədiyini düşünürdük. Lakin səbəbkarın özü ilə danışanda əsl səbəbi öyrəndik. Sən demə...

- Nə edirsən, nə işlə məşğulsan?
- Heç nə, hamı kimi evdə oturmuşam, televizora baxıram. Arada fərdi məşq edirəm ki, geri düşməyim. Hərdən uşaqlarla mini-futbol oynayırdıq, indi ora da icazə verilmir.

- “Sabah”dan ayrılmağın nə dərəcədə gözlənilməz oldu? Məsələn, sabiq komanda yoldaşın Kərim Diniyev müsahibəsində belə olacağını əvvəldən hiss etdiyini demişdi.
- Açığı, mən qətiyyən gözləmirdim. Çünki iki il ərzində “Sabah”da ən çox oyun keçirənlərdən biri mən idim. Başa çatan mövsümdə də 20 qarşılaşmnın 15-də forma geymişdim. Belədə ayrılığı ağlımdan keçirmirdim.

- Bəs nə baş verdi?
- Klub mənə yeni müqavilə təklif etdi. Sadəcə, maliyyə şərtlərində ortaq məxrəcə gələ bilmədik. Düşünürdüm ki, maaş əvvəlkinə nisbətən daha yaxşı olar. Əksini görüncə razılaşmadım. “Bir həftə gözlə” dedilər, gözlədim. Gördüm, xəbər çıxmır, müraciət etdim. Yenə gözləməyi məsləhət gördülər. Lakin bu dəfə gözləyə bilməzdim. Çünki “Zirə”dən təklifim var idi. “Sabah”dan ayrılan günün ertəsi “Zirə” ilə müqavilə bağlamalıydım. Zaur Həşimovla danışmışdıq, bütün şərtlərdə razılığa gəlmişdik. Elə oldu ki, Zaur müəllim də “Zirə”dən ayrılmalı oldu.

- İndi də iki əlinlə başını tutursan...
- Elədi. Nə etmək olar? Qismət. Alınmadısa, deməli, xeyirlisi bu imiş.

- Başqa təklif yoxdu?
- Xeyr.

- “Sabah” niyə daim meydanda olan futbolçu ilə yolları ayırmaq qərarına gəlsin ki?
- Vallah, özümə də maraqlıdı, amma səbəbini bilmirəm.

- Bəlkə yola salmaq istəyirdilər, maaşı azaltmaqla “get” mesajı veriblər.
- O da ola bilər. Yenə deyirəm, maaşımın artırılacağına ümid edirdim. 15 oyun oynamışdım, haqqımı istəyirdim. Heç kimdən də zəif oynamamışam. Ehtiyatda qalsaydım, şans qazanmasaydım, istənilən məbləğə razılaşardım. Oynamayanda əsasən karyeranı düşünürsən.

- Sopiçlə aran necə idi?
- Pis deyildi, yaxşı idi. O gələndən, səhv etmirəmsə, 8 oyun keçirmişdik, hamısında da forma geymişdim. Üstəlik, ilk dəqiqələrdən meydanda olmuşdum, həm də əvəzlənmədən sona qədər oynamışdım. Baş məşqçi ilə elə bir problemim yox idi.

- Bir baş məşqçi sənə daim güvənirsə, gedişində onun rolunun olması ağlabatan deyil.
- Özü ilə danışsaydım, başqa məsələ. Fikrini, nə düşündüyünü bilmirəm deyə, fikir yürütmək çətindi. Aramızda elə bir söhbət olmayıb ki, fikir yürüdüm. Məşqlər qurtardı, karantin başladı, ondan sonra da çempionatın başa çatmasına dair qərar verildi və hərə bir tərəfə dağılışdı.

- Bundan sonra nə etmək fikrin var?
- Görək də. Hələ ki təklif yoxdu. Yəqin bir variant olar. Gözləməkdən başqa çarə yoxdu.

- Yenidən “Sabah”a qayıtmaq necə?
- O alınan iş deyil. Artıq klubu tərk etməyimlə bağlı rəsmi məlumat verilib. “Sabah”a qayıtmağım real deyil. Xeyirlisi, gözləyək, görək nə olur.

- Komanda baş məşqçisizdi, amma “Zirə” bir ucdan futbolçularla danışıq aparır. Bəlkə səni də dəvət edəcəklər?
- Vallah, nə deyim? Mənimlə Zaur müəllim şəxsən danışmışdı. Bundan sonra hansı məşqçinin gələcəyi bilinmir. Ona görə də söz demək çətindi (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti