“İnstagram”da qarşıma maraqlı paylaşım çıxdı.
Tomas adlı şəxs şəxsi səhifəsində paylaşdığı videoda “Sabah”ı Premyer Liqanın və Azərbaycan kubokunun qalibi olması münasibəti ilə təbrik edərək özünü komandanın bir parçası kimi təqdim edib.
“Sabah”ın məşqçilərini üzdən tanıdığım üçün bu şəxsi indiyə qədər heç vaxt görmədiyimə görə təəccübləndim.
Səhifəsini çək-çevir etdim, paylaşımlarına qulaq asdım, rəyləri oxudum və məlum oldu ki, Tomas “Sabah”ın aut atışları üzrə məşqçisidir.
Yəni futbolçulara aut atışlarını düzgün və faydalı şəkildə atmağı öyrədib və ya öyrədir.
Səbəbkar postların birində bildirir ki, vaxtilə Yurgen Kloppun şəxsi istəyi ilə “Liverpul”a cəlb olunub və dünya ulduzlarına aut atmağın sırlərini öyrədib.
İş fəaliyyəti dövründə “Arsenal” və Dortmund “Borussiya”sı ilə əməkdaşlıq edib.
Açığı, Azərbaycan Premyer Liqasında mübarizə aparan komandanın bu dərəcədə peşəkarlıq göstərərək müasir tələblərlə ayaqlaşması xoşagələn haldır.
Demək ki, “Sabah”ın “qızıl dubl” etməsində bu cür amillərin xüsusi rolu olub. Toması komandaya Valdas Dambrauskasın, yoxsa klub rəhbərliyinin dəvət etməsi cavabsız qalan sualdır.
Lakin istənilən halda alqışlanmalı addımdır. Araşdırsaq, bəlkə də standart vəziyyətlərini tədris edən xüsusi mütəxəssis də cəlb ediblər.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

