“Karvan-Yevlax”ın şərəfini qoruyan Rauf Rüstəmli “Sabah”a qoşulacaq.
Bu barədə qərar komandanın baş məşqçisi Valdas Dambrauskasa məxsusdur.
Müqavilə ilə “tələbələr”ə məxsus olmasına baxmayaraq, mövsümün ilk yarısını “Sumqayıt”da, ikinci yarısını “Karvan-Yevlax”da keçirən 22 yaşlı yarımmüdafiəçi yay təlim-məşq toplanışında “Sabah”ın sıralarında olacaq.
Raufun “Karvan”ın heyətində sərgilədiyi oyun və vurduğu qollar litvalı çalışdırıcının diqqətini çəkib.
Dambrauskas rəhbərliklə söhbətdə Raufu sərəncamında görmək, hazırkı durumuna yaxından bələd olmaq istədiyini deyib.
Növbəti mövsüm bir neçə cəbhədə mübarizə aparacaq “Sabah” heyətini yerli və legioner futbolçularla gücləndirməyə məcburdur. Rüstəmlinin qayıdışı bu baxımdan faydalı ola bilər.
Maraq üçün bildirək ki, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Rauf Rüstəmli 16 oyunda 3 qol və 1 assistlə fərqlənib.
HƏBİB / SPORTİNFO.AZ

