Qarşıdakı avrokubok mövsümündə ölkəmizi Çempionlar Liqasında “Sabah” təmsil edəcək.
Mövsümü “qızıl dubl”la başa vuran “tələbələr” avrokubokların qrup mərhələsinə vəsiqə qazanmağa çalışacaq.
Baş məşqçi Valdas Dambrauskas və rəhbərlik etdiyi futbolçular qarşılarına qoyulan hədəfin öhdəsindən artıqlaması ilə gəlməyi bacardı.
İndi isə növbə klub rəhbərliyinindir.
Bu gündən başlayaraq yaxın 1 ay ərzində müqaviləsi başa çatan futbolçularla yeni sözləşmələr əldə olunmalı, heyət mümkün qədər güclənməlidir.
“Sabah”la sözləşməsinin müddəti başa çatanların sayı nə birdir, nə də iki. Yol üstə olanların sayı kifayət qədərdir ki, təlim-məşq toplanışı başlayana qədər onlarla ortaq məxrəcə gəlinməlidir.
Kimdir onlar?
Qapıçı Stas Pokatilov, müdfaiənin dirəklərindən biri İqor Noqeyra, bombardir Coy-Lens Mikels, gizli silah Cesse Sekidika, mövsümün kəşfi Velko Simiç, kubokun finalındakı baxımlı qolu ilə alqış qazanan Patrik Mbina, cari “futbol ili”ni zədə səbəbindən boşa verən Pavol Şafranko, yerlilər – Amin Seydiyev, Tellur Mütəllimov, Nicat Mehbalıyev.
Təbii ki, adların çəkilənlərin əksəriyyəti başqa klublardan da təkliflər alıb. Uğurlu mövsüm keçirən futbolçuların agentlərin vasitəçiliyi ilə daha sərfəli maliyyə şərtləri ilə diqqət mərkəzində olması anlaşılandır. Yəni hər birinin ayrılığı qaçılmazdır.
Odur ki, klub rəhbərliyi Pokatilov, Mikels, Mbina, Noqeyra, Simiç kimi əsas fiqurları saxlamaq üçün kisənin ağzını genişləndirməlidir.
HƏBİB / SPORTİNFO.AZ

