Azərbaycana səs salan xarici adam – Onun barədə bilmədikləriniz

21:20 Sabah 188
Azərbaycana səs salan xarici adam – Onun barədə bilmədikləriniz

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas yerli məşqçilərin çempionluq seriyasına son qoydu.

Bəlkə də əksəriyyət bu faktdan xəbərsizdir. Premyer Liqada sonuncu dəfə legioner məşqçinin çempionluğu 2009/10 mövsümündə yaşanmışdı.

Həmin il Kaxaber Tsxadadzenin çalışdırdığı “İnter” turnir cədvəlində rəqiblərini qabaqlayaraq mövsümü “qızıl”la başa vurmuşdu.

2011-ci ildən bu yana, yəni son 15 mövsümdə 11 dəfə Qurban Qurbanov (Qarabağ), 2 dəfə Böyükağa Hacıyev, hərəyə 1 dəfə Arif Əsədovla Samir Abasov adını çempion məşqçilərin siyahısına yazdırmışdı.

Valdas Dambrauskas 15 ildən sonra çempionluq sevinci yaşayan legioner məşqçi kimi adını tarixə yazdırdı.

Litvalı mütəxəssis Avropa arenalarında yetərincə tanınmadığından, bəlkə də çoxları onu “dünənin məşqçisi” olduğunu, ilk titullarına Azərbaycanda qovuşduğunu düşünür.

49 yaşlı çalışdırıcı zəngin məşqçilik təcrübəsinə və uğurlara sahibdir.

Peşəkar futbol oynamayan Dambrauskas gənc yaşlarında "Kim milyonçu olmaq istəyir"in Litva variantında iştirak edib və orada qazandığı pul mükafatı ilə İngiltərəyə səfərini maliyyələşdirib.

O, London Metropolitan Universitetində İdman Elmləri və Məşqçilik üzrə təhsil alıb, “Fulhem”, “Mançester Yunayted”, “Brentford” kimi məşhur klublarn akademiyalarında məşqçi kimi çalışıb.

Baş məşqçiliyə də 30 yaşında İngiltərədə - Spartan Cənubi Midlands Futbol Liqası Premyer Divizionunda “Kingsböri London Tigers” klubunda başlayıb və debüt mövsümündə komandanı klub tarixində ən yüksək nəticəyə çatdırıb. Dambrauskas buradakı fəaliyyətinə görə “Active Westminster Mükafatı”na layiq görülüb.[2]

2009-2012-ci illər aralığında Litvanın U-17 və U-19 millilərinə rəhbərlik edəndən sonra “Ekranas”da köməkçi-məşqçi işləyib, daha sonra baş məşqçi postuna yiyələnib.

2014-2017-ci illər aralığında Litvanın ən köklü klubu “Jalgiris”də komandanın əsas söz sahibi statusuna yiyələnərək kluba 8 titul qazanıdırıb – 2 çempionluq, 3 ölkə kuboku, 3 Superkubok.

2017-ci ildə qonşu Latviyaya yollanıb və 3 il RFS-in baş məşqçisi olub. Burada 8-ci titulun sevincini yaşayaraq ölkə kubokunun qalibi adını qazanıb.

2020-ci ilin fevralından 2021-ci ilin yanvarına qədər Xorvatiyada “HNK Qoritsa”nın uğurları üçün çalışsa da, burada uğur qazana bilməyib. Daha doğrusu, klub rəhbərliyi ilə yaranan fikir ayrılığına görə postunu vaxtından əvvəl tərk edib.

Və dərhal Bolqarıstana yollanaraq ölkənin ən nüfuzlu klublarından sayılan “Ludoqorets”lə anlaşıb. 4 ay ərzində komandanı Bolqarıstan çempionu etməsinə baxmayaraq, 2021-in oktyabrında “Ludo”dan ayrılıb.

Bir ay sonra yenə Xorvatiyaya qayıdıb. Bu dəfə köklü “Hayduk”un başına keçib və mövsümün yekununda Xorvaiya kubokunun qalibinə çevrilib. “Hayduk”dakı 10 aylıq fəaliyyəti 2022-ci ilin sentyabrında başa çatıb.

Yenə 1 aylıq fasilə və bu dəfə yeni ölkə - Yunanıstan. OFİ-ylə anlaşan litvalı burada 14 ay duruş gətirib. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 57 qarşılaşmada 32 qələbə qazanıb, 14 heç-heçə edib və 11 dəfə məğlub olub.

2023-ün dekabrında OFİ-dən ayrılaraq karyerasında ilk dəfə uzun müddət işsiz qalıb. 6 aydan sonra – 2024-ün iyununda “Omoniya” ilə 1 illik sözləşməyə imza atsa da, 3 aydan sonra – sentyabrda tutduğu vəzifədən ayrılıb.

Yenə 5 aylıq işsizlikdən sonra 2025-ci ilin fevralında məşqçilik karyerasında daha bir yeni ölkənin adı yazılıb – Macarıstan. “Dyösgyör”. 2024/25 mövsümünün sonuna qədər burada çalışıb və iyunda komandanı tərk edib. Bir neçə gündən sonra “Sabah”la anlaşıb.

Göründüyü kimi, “Sabah”da “qızıl dubl” etməklə adını həm klubun, həm də Azərbaycan futbolunun tarixinə yazdıran Valdas Dambrauskas bura gələnə qədər 8 fərqli ölkədə çalışaraq, 4 fərqli ölkədə 11 titul əldə edib.

“Sabah”dakı uğurlardan sonra titulların sayı 13-ə çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti