"Həyat qapını bağlayanda ətrafa bax, bəlkə pəncərə açılar... Həyat sənə limon verəndə limonad hazırlamaq üçün onları sıx".
Bu sözlərin müəllifi "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasdır.
Litvalı çalışdırıcı bu cümlələri hansısa mətbuat orqanına açıqlamasında deməyib, şəxsi "instagram" hesabında izləyiciləri üçün paylaşıb.
Premyer Liqada çalışan baş məşqçilər arasında sosial şəbəkələrdən öz ad-soyadı ilə aktiv istifadə edən yeganə şəxs olan Dambrauskas peşəsinə diqqət ayırdığı kimi "instagram"da da maraqlı paylaşımlar edir.
O, bu dəfə çempionluq kuboku və ailə üzvləri ilə bir neçə şəklini təqdim edərək "qızıl xırdalayıb":
"Bu mövsüm Azərbaycan futbolunda çempionluğu və ölkə kubokunu qazanmaqla, 33 oyun məğlubiyyətsiz qalmaqla yaratdığımız xatirələr və tarix əbədi olaraq bizimlə qalacaq.
"Sabah" klubundakı hər kəsə səylərinə, fədakarlıqlarına və töhfələrinə görə çox minnətdaram! Biz bunu birlikdə etdik!
Çoxdan anladığım həqiqət budur ki, əgər sürətli olmaq istəyirsənsə, tək get. Uzaqlara getmək istəyirsənsə, yolu bölüşmək üçün ətrafdakılarla əlaqə saxla və etibar et. Maraqlı səyahət üçün təşəkkür edirəm, uşaqlar!
Karyeramda 12 və 13-cü kuboklarım, inanılmaz hislərim, təbii ki, çoxlu xoşbəxtlik! Xəyallar bizi daha da irəli aparır".
HƏBİB / SPORTİNFO.AZ

