Bu gün Azərbaycan kubokunun final matçı var.
Həlledici qarşılaşmada "Sabah"la "Zirə" üz-üzə gələcək.
Bir tərəfdə ötən mövsüm ölkə kubokunun qalibi olmuş, bu mövsüm Premyer Liqada çempionluğu təmin etmiş "bayquşlar", digər tərəfdə son illər iki dəfə finalda kuboku əldən verən "qartallar"dı.
Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov görüş öncəsi şansları dəyərləndirib, öz favoritini açıqlayıb:
"Finaldan gözləntilərim yüksəkdir. Premyer Liqa oyunlarına baxanda komandaların bir-biri ilə rəqabət apardığını görmək olurdu.
Ona görə də finala iki haqq etmiş kollektivin çıxdığını deyə bilərəm. Bir tərəfdə mövsüm boyu lazım olanda kompakt müdafiə olunmasını, lazım olanda dominant oynamasını bilən "Zirə" var.
Digər tərəfdə "Qarabağ" kimi güclü rəqibi geridə qoyaraq çempion olan, hücum potensialı həddən artıq güclü olan, üçüncü zonada yüksək pressinq edən "Sabah" var.
"Sabah"ın uğurlarının əsas meyarlarından biri də iki mərkəz müdafiəçisidir. Amma final oyunun liqa matçı ilə müqayisə etmək olmaz. Finallar çox fərqli ola bilir.
Mənə görə "Sabah" qələbəyə daha yaxın tərəf kimi görünür. Bunu deməyimin əsas səbəbi "Sabah"ın güclü hücum xəttinə sahib olmasıdır.
"Zirə"də isə zaman-zaman müdafiədəki oyunçuların fərdi səhvlərini görürük. Pressinq altında fərdi səhvlər görə bilərik.
Bu məqam "Sabah" "Zirə" qarşısında bir balaca önə çıxarır. Açığı, "Sabah"ın da müdafiə xətti ideal deyil. Ən azı "Qarabağ"la, elə "Zirə"yə qarşı görüşlərdə buraxdıqları səhvlər az olmayıb.
İstənilən halda, bu finaldır. Burada hər nəticə qeydə alına bilər. Bizim istədiyimiz isə tək şey güclünün qalib gəlməsidir. Hər iki kluba da uğurlar arzulayıram".
XANOĞLAN

