“Sabah” Azərbaycan Premyer Liqasının 19-cu turunun açılış matçında bu gün “Araz-Naxçıvan”ı qəbul edib.
Sportinfo.az xəbər verir ki, 4:1 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin əsas rəqibləri olan “Qarabağ”ın “Neftçi” ilə oyununun mümkün təxirə salınması ilə bağlı sualına hirslənib:
“İlk olaraq oyunçularımı təbrik edirəm. Həqiqətən də, möhtəşəm qələbə idi. Oyunçularım meydanda çox istəkli idilər. Məğlub etdiyimiz “Zirə”, “Araz-Naxçıvan” çox güclü komandalardır. Heyətlərində güclü oyunçular var.
Bundan başqa, azarkeşlərimizi təbrik edirəm və istəyirəm ki, tribunalarda sayları çox olsun. Bu gün tribunada az idilər. Rəhbərliyi təbrik etmək istəyirəm.
İlk hissənin 16-cı dəqiqəsində 3:0 öndə idik. Bundan sonra bir az oyunda temp düşdü. İkinci hissədə də bir qol vurduq.
İstəməzdim bu suala cavab verəm. Çünki mən “Qarabağ”da işləmirəm, onların baş məşqçisi deyiləm. Mən bilmirəm, bilmirəm…. “Sabah”ın oyununa gəlmisiz və “Qarabağ”la bağlı sual verirsiz. Hörmətsizlikdir. Bu ölkə təkcə “Qarabağ”dan ibarət deyil. Mən onlara böyük hörmət edirəm. Təqvimi mən hazırlamıram. Nəyə görə məndən soruşursuz? Üzr istəyirəm, bu, düzgün deyil. “Sabah”ın oyununa gəlmisiz, “Qarabağ”la “Neftçi” barədə soruşursuz. Bu, tamamilə yanlışdır və hörmətsizlikdir.
Mən istəyərdim ki, daha çox qollar vuraq. Amma heç bir liqada bu, demək olar ki, mümkün deyil. 10 qol vurmaq olmur. Hər oyunda 4 qol vurmaq mümkün deyil. Əvəllər biz oyunları 0:0, 1:0 bitirəndə soruşurduz ki, məhsuldarlıq niyə aşağıdır. Birinci hissəyə baxsaydız, görərdiz ki, necə təzyiq edirdik, pressinq edirdik”.

