“Qarabağ”ın “Kəpəz”ə gözlənilməz məğlubiyyətindən (0:2) sonra hər kəsin gözü bazar günü baş tutacaq “Sabah” – “Karvan-Yevlax” oyununda idi.
Qələbə təqdirində Masazır təmsilçisi son çempionla xal fərqini 4-ə yüksəldəcəkdi ki, “Qarabağ”ın son illərdə ölkə futbolundakı hegemonluğu müqabilində bu, kifayət qədər ciddi nəticə demək olacaqdı.
Gözlənilən kimi də oldu. “Sabah” – “Karvan-Yevlax” oyununda meydanda bir komanda var idi, bu da meydan sahibləri idi. Artıq güclülərlə güclü oynayıb, turnir cədvəlinin aşağı pilləsində gedən komandalarla matçlarda büdrəyən “Sabah” sanki tarixin yaddaşına köçüb.
İndiki “Sabah” rəqibin kimliyindən asılı olmayaraq öz futbolunu oynayır. Özü də bu futbol təkcə komandanın xal qrafasına yeni xallar əlavə etmir, həm də rəngarəngliyi ilə tamaşaçıların könlünü oxşayır.
“Karvan”la matç da bu baxımdan istisna olmadı. Litvalı mütəxəssis Valdas Dambrauskasın yetirmələri oyunun taleyini elə ilk hissədə bitirdi.
İlk hissədə vurulmuş 3 qol “Sabah”ı bir xeyli rahatlaşdırmışdı ki, futbolçular ikinci hissəyə sanki oyunu başa vurmağa çıxmışdılar. Təsadüfi deyil ki, buraxılan yeganə qol da məhz ikinci hissəyə təsadüf elədi.
Çox güman, Dambrauskasın 4:1 hesablı qələbəyə rəğmən bəzi razı qalmadığı məqamların olduğunu deyəndə məhz bunu nəzərdə tuturdu.
Bu amil gələcəkdə matçın sadəcə bir hissəsinə yox, hər hansı bütöv matça şamil olunmaması üçün litvalı mütəxəssis diqqətli olmalıdır.
“Sabah” qış fasiləsində yeni transfer etmədi. Qış transfer pəncərəsinin bitməsinə hələ var. Amma bundan sonra “Sabah” heç bir transfer etməsə belə bunu klubun passivinə yazmaq olmaz.
Yeni transfer olmasa da, Aron Maluda və Umarali Raxmonaliyev kimi icarədə olan oyunçuların transfer hüququna yiyələnilməsi (özü də sərfəli şərtlərlə) nəyə desən dəyərdi.
Bu oyunçuların komandaya verdiyi xeyiri görmək üçün elə son oyuna baxmaq kifayətdir. Yenicə 4 illik müqavilə bağlanmış Maluda “Karvan”la oyunda 2, 3 illik müqavilə bağlanmış Umarali isə 1 qol vurdu.
İndi hər kəs “Sabah”dan eyni addımı Velko Simiçlə bağlı da gözləyir. Maluda və Umarali kimi Simiç də hazırda “Sabah”da icarə əsasında oynayır.
Bu gedişlə deyəsən tezliklə onun da transferi ilə bağlı xəbərini eşidəcəyik. Hələliksə Simiç dünənki matçda qol vuraraq Maluda və Umaralidən geri qalmadı.
“Sabah” bu oyuna əsas üzvlərindən Coy-Lens Mikels olmadan çıxmışdı. Almaniyalı vinger ötən ilin dekabrında aldığı zədəni hələ sağaltmayıb.
Komanda hətta bu itkiyə rəğmən dünən çox inamlı görünürdü. Bu da onu göstərir ki, “Sabah” artıq ayrı-ayrı oyunçuların yox, vahid bir sistem komandasıdır.
Hazırda “Sabah” Premyer Liqanın ən çox qol vuran və ən az qol buraxan komandasıdır. “Qara-çəhrayılar”ın cəmi bir məğlubiyyəti var.
Həm bu göstəricilər, həm də komandanın meydanda sərgilədiyi futbol liderə layiqdir. “Sabah” zirvəyə uyğun xarakter sərgiləyir.
Təsadüfi deyil ki, bu gün ölkə futbol azarkeşlərinin əksəriyyətinin bu komandaya böyük simpatiyası var. Bu simpatiyanı əsl sevgiyə çevirmək üçün isə çempion olmağa belə gərək yoxdur, sona kimi bu oyun tərzini, bu cür baxımlı futbolu davam etdirmək kifayətdir.
Nəticə? Futbol olan yerdə o da özünü gec-tez göstərəcək.
Xəlil Sadıq

