Azərbaycan Premyer Liqasında qış fasiləsi davam edir.
4 illik aradan sonra tənəfüsə ikinci kimi yollanan “Qarabağ”, mövsümə çempionluq iddiası ilə başlayan “Turan Tovuz”, son mövsümü gümüş medalla bitirən “Zirə”, arxada qalan 16 turda yaxşı nəticələri ilə hamını təəccübləndirən “Sumqayıt” təlim-məşq toplanışı üçün Türkiyəyə, “Neftçi” isə Əbu Dabiyə üz tutub.
Əsas rəqiblərindən fərqli olaraq qış çempionu “Sabah” vətəndə qalmağı seçdi.
Maraqlıdır, baş məşqçi Valdas Dambrausqasın bu cür seçim etməsi nə ilə bağlıdır?
Litvalı mütəxəssis Sportinfo.az-a açıqlamasında sualımıza bu cür cavab verib:
“İlk öncə onu deyim ki, heç də bütün rəqiblərimiz ölkə xaricinə yollanmayıbılar. Bəzi rəqiblərimiz burada qalıb, burada davam edirlər.
Bizim isə burada qalmağımızın əsas səbəbi odur ki, vaxtımızı yollarda qalmağa, uçuşlar etməyə sərf etmək istəmirdik. Daha çox burada qalmağı düşünürdük.
Çünki bizim möhtəşəm bazamız var. Möhtəşəm meydançalarımız, şəraitimiz, mətbəximiz var. Bütün bunlar burada qalmağımızda əsas faktorlardır.
Heç də həmişə Türkiyədə təlim-məşq toplanışı keçəndə istədiklərin olmur. Məsələn, güclü yağışlar bir çox hallarda məşqlərin, oyunların keçirilməsinə mane olub.
Xaricdə toplanış keçmək o demək deyil ki, hər şey yaxşı olacaq və qayıdıb burada istəklərini həyata keçirəcəksən”.
XANOĞLAN

