Qış çempionu olan "Sabah" xüsusilə son vaxtlarda olduqca baxımlı futbol sərgiləməyə başlayıb.
Dambrauskasın komandası gözəgəlimli oyun üslubuyla diqqət çəkir.
Heyətdə adından söz etdirən futbolçular çox olsa da, ağıla ilk gələnlərdən biri Velko Simiçdir. Serb futbolçu "Sabah"ın oyununa rəng qatır.
Amma bir məsələ var ki, Simiç "Sabah"da icarə əsasında oynayır. O, müqaviləylə Türkiyənin I Liqa təmsilçisi "Sivasspor"a məxsusdur.
"Sivasspor" Super Liqada yerini itirdikdən sonra bəzi ödənişli futbolçularla yolları ayırmaq qərarı verdi. Belələrdən olan Velko Simiçi "Sabah"a icarəyə göndərdilər.
"Sabah"ı Valdas Dambrauskasın çalışdırması da futbolçunun seçiminə təsir etdi. Litvalı mütəxəssisi "Omoniya"dan tanıyan Simiç yenidən köhnə tanışın rəhbərliyi altında oynamaq istədi.
"Sabah" da yaranmış durumdan səmərəli yararlanmağı bacardı. Maaşı yüksək olan Simiçi heyətinə sərfəli şərtlərlə qatdılar. Onun maaşının böyük hissəsini "Sivasspor" verir.
Lakin indidən ortaya belə bir sual çıxır ki, Simiçin "Sabah"dakı gələcəyi necə olacaq... Belə futbolçunu əldən vermək doğru olmaz, amma saxlamaq da asan görünmür.
Velko Simiçlə bağlı duruma aydınlıq gətirmək üçün "Sabah"ın mətbuat katibi Elnur Həmidova müraciət etdik.
Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən klub sözçüsü müqavilə şərtlərində Simiçin birdəfəlik alışını mümkün edən bəndin olduğunu dedi:
"Velko Simiç klubumuz üçün sərfəli şərtlərlə icarəyə götürülüb. Onun birbaşa transferi məsələsi də icarə müqaviləsi ilə tənzimlənir.
Ancaq birbaşa transferi ilə bağlı məsələ icarə müddətinin sonunda tam bəlli olacaq"

