"Sabah" 5 illik aradan sonra "Qarabağ"ın qış fasiləsinə çempion kimi yollanmasına imkan vermədi.
Bir aylıq tənəffüsdən sonra mübarizə qaldığı yerdən davam edəcək.
Daha kəskin, daha amansız. "Tələbələr"in liderlik postunu sona qədər qoruya bilib-bilməyəcəyi böyük sualdır.
Bəli, çempionluq barədə danışmaq tezdir, amma Valdas Dambrauskasın yetirmələri mövsümün birinci yarısında göstərdiyi oyun və nəticə ilə növbəti dəfə avrokuboklarda iştirak edəcəyini böyük ölçüdə təmin etdiyini demək olar.
Litvalı yeni gəldiyi komanda ilə arxada qalan yay avrokuboklarda uğursuzluq yaşadı. Bəraət alması üçün əl yeri var idi.
Amma bu dəfə özü hazırladığı, uzun müddət zaman keçirdiyi komandası ilə Avropa səhnəsində ölkəmizi təmsil edəcək.
İndidən tədarük görmək mütləqdir.
Təbii ki, hazırkı heyəti qoruyub-saxlamaq ən ümdə məsələ olmalıdır.
Ki, bu yöndə ciddi təhlükə qapıdadır.
Belə ki, şəxsən Dambrauskasın istəyi əsasında heyətə cəlb edilən Velko Simiç və Timoteuş Puxaçın yayda da komandada qalması asan olmayacaq.
Serbiyalı müqavilə ilə "Sivasspor"a, Puxaç isə Almaniyanın "Holştayn Kil" klubuna məxsusdur.
İkili 1 illik icarə əsasında "Sabah"da top qovurlar.
Xüsusilə Simiç gəlişi ilə ortaya ciddi fərq qoya bilib.
Ayrılıqları da ciddi boşluq yaratmış olacaq.
Əgər planlar böyük, hədəflər yüksəkdirsə, mütləq indidən ikili ilə bağlı məsələnin həllinə başlamaq mütləqdir.
XANOĞLAN / SPORTİNFO.AZ

