Qış çempionun çiyinlərində daşıyan İKİ QƏHRƏMAN

17:00 Sabah 136
Qış çempionun çiyinlərində daşıyan İKİ QƏHRƏMAN

"Sabah" qış fasiləsinə lider kimi yollandı.

Təbbi ki, uğur varsa, burada rəhbərdən ən siravi işçiyə qədər hər kəsin əməyi var.

Necə ki, uğursuzluqda hər kəs günahkar hesab edilir.

Amma daha çox baş məşqçilər hədəfə gətirilir.

Məncə, bugünkü "Sabah"ın uğurlu çıxışının arxasında da xüsusi qabardılacaq adlar var.

Elə Valdas Dambrauskasın özü ən xoş sözlərə layiqdir.

Litvalı mütəxəssis barədə çox danışılıb.

Bu dəfə nisbətən kölgədə qalan iki adı - Velko Simiç və Timoteuş Puxaçı önə çəkməyə çalışacam.

Hər iki legioner mövsümün startından sonra "tələbələr"ə qoşuldu.

Bu səbəbdən Simiçin debütü üçüncü turda "İmişli"yə qarşı, Puxaçın debütü isə daha gec - dördüncü turda "Neftçi" ilə oyunda reallaşıb.

Zəngin futbolçu karyerası olan hər iki oyunçuya yeni ölkəyə, yeni kluba və kollektivə adaptasiya olmaq üçün zaman belə lazım olmadı.

Meydana ayaq basdıqları ilk gündən Bakı klubunun əsas fiqurlarından birinə çevrilməyi bacardılar.

Özü də gözlə açıq-aydın görünəcək qədər.

Hətta çəkinmədən komandanı bu ikilinin qış çempionu etdiyini də deyə bilərəm.

Düşünün ki, mövsümün birinci yarısında "Sabah"ın vurduğu 29 qolun yarıdan çoxunda (15-də) Simiç və Puxaçın birbaşa iştirakı var.

Serbiya millisinin üzvü keçirdiyi 15 görüşdə 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Polşa yığmasında 15 oyuna çıxmış Puxaç isə 14 qarşılaşmada 5 asist etməyi bacarıb.

Kifayət qədər yüksək göstəricidir.

Düzəlmək üçün zaman lazımdır deyən, bəhanələr arxasında gizlənən bəzi klub funksionerləri, məşqçiləri bu adlara diqqət yetirsin. Bəli, oyunçunun yeni ölkəyə, yeni klublara adaptasiya olması üçün möhləti olmalıdı.

Amma hər fürsətdə bunu əldə qalxan etmək olmaz.

Deməli, axtaranda, düzgün seçimlər edəndə Puxaç, Simiç kimi səviyyəli və hazır oyunçular tapmaq/gətirmək mümkündür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti