"Qarabağ"ı “taxt”dan salan adam - İngiltərədə oxudu, Avropada təcrübə qazandı və…

25 Dekabr 22:20 Sabah 216
"Qarabağ"ı “taxt”dan salan adam - İngiltərədə oxudu, Avropada təcrübə qazandı və…

Azərbaycan Premyer Liqasında 2025/26-cı illər mövsümünün 16 turu əhatə edən birinci yarısı arxada qaldı.

"Sabah" qış fasiləsinə lider, "Karvan-Yevlax" isə sonuncu pillənin sahibi kimi yollandı.

Uzun aradan sonra 12 komandanın təmsil olunduğu liqa 7 şəhəri əhatə etdi.

2 debütantın yer aldığı çempionatda klublar özünü necə göstərdi?

Qarşıdakı 1 aylıq fasiləni nəzərə alıb, biz də ardıcıllıqla komandaların 16 turdakı fəaliyyətinə göz atmağa çalışacağıq.

Başlayaq lider "Sabah"dan...

8 yaşı olan "tələbələr" mövsümə yenə böyük iddialarla başladı.

Ötən mövsümün sonu Vasili Berezutski ilə yolları ayıran masazırlılar boşalan postu Valdas Dambrauskasa həvalə etdi.

Futbol ölkəsi hesab edilməyən Litvanı təmsil etməsinə baxmayaraq, çalışdırıcının CV-si ilk baxışdan kifayət qədər diqqətçəkən idi.

28 yaşında məşqçilik sənətinin sirlərini öyrənmək üçün İngiltərəyə yollanan Dambrauskas 6 il sonra ölkəsinin köklü klubu olan "Ekranas"a məşqçi kimi qayıdıb.

İngiltərədə olduğu müddətdə həm də Litvanın aşağı yaş qruplarında çalışıb.

2013-cü ildə (36 yaşında) "Ekranas"la başlayan baş məşqçilik yolu "Sabah"a qədər uzanıb.

Aradakı 12 ildə ölkəsindən kənarda Macarıstan, Bolqarıstan, Kipr, Xorvatiya və Latviyada baş məşqçi səlahiyyətlərini icra edib.

"Jalqris"lə Litvada bütün mümkün titulları əldə edən gənc mütəxəssis uğurlarının davamını ölkə hüdudlarından kənarda Bolqarıstan çempionu, Xorvatiya və Latviyada isə ölkə kubokunu qazanmaqla gətirib.

Elə "Sabah"a gətirilməsinin arxasında da "Qarabağ"ın uzun illərdir davam edən hegemonluğuna son qoyaraq çempionluq titulu qazanmaq istəyi durur.

Artıq zəngin təcrübəyə sahib əcnəbi mütəxəssis işin 50%-ni uğurla arxada qoya bilib.

Amma bunun heç də asan başa gəldiyini demək olmaz.

Avrokuboklarda uğursuzluq yaşayan yeni baş məşqçinin Premyer Liqada da işləri ilk vaxtlar heç də yaxşı getmirdi.

Mövsümə "Şamaxı" üzərində çətin qələbə ilə başlayan (2:1) "Sabah" ardınca doğma divarlar arasında debütant "İmişli"dən şok məğlubiyyət aldı (0:1).

Sonrakı 3 matçda isə komanda cəmi 1 qələbə ilə yadda qaldı.

Qeyri-sabit start yaxşı gələcəkdən xəbər vermirdi.

Amma Dambrauskas başqa fikirdə idi. Görünür, həmin dönəm onun üçün adaptasiya prosesini əhatə edirmiş.

Və qısa müddətdə liqanı kəşf etdi.

"İmişli", "Neftçi" və "Sumqayıt"la oyunlarda özünə bənzəməyən "Sabah" bir anda çevrilib oldu amansız komanda.

Aran təmsilçisinə məğlubiyyətdən sonra bu kollektiv rəqib tanımır.

Sonrakı 14 turda 4 bərabərlik görən "tələbələr" digər 10 matçda 100%-lik nəticə göstərdi.

Birinci turdan təxirə salınmış matçda "Qarabağ"ın məğlub edilməsi isə uca səslə deyilən "çempionluq mübarizəsində mən də varam" mesajı kimi qəbul edilə bilər.

4-2-3-1 taktiki sxeminə üstünlük verən mütəxəssis rəqib zonada pressinq etməyi, matçlarda dominantlıq etməyi çox yaxşı bacarır.

Gedişata uyğun olaraq sürətli əks-hücumlar da kifayət qədər əla alınır.

Müdafiədə alışdığımız adi səhvlər tarixin yaddaşına həkka olub. Pokatilovun ən az qol buraxan müdafiə xəttinə başçılıq etməsi boşuna deyil. Hücum xətti Velko Simiçin gəlişi, Maludanın kəşf edilməsi ilə daha amansız təsir bağışlayır.

Bir sözlə, 16 turu "Sabah"ın aktivinə yazmaq olar. Bir nəfəsə arxada qoydular deyə bilərik.

İndi isə azcazıq nəfəs dərib, ikinci yarı üçün hazırlaşmaq lazımdır.

Zirvəyə qalxmaq çətindir, orada qalmaq ondan da çətin. Çətin iş arxada qalıb, daha çətini isə qarşıdadır. "Sabah" bunu bacara biləcəkmi? Onu qarşıdakı 17 tur göstərəcək...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Dekabr 18:10 Çək və bizə göndər!
25 Dekabr 03:30 Onu da güllələdilər