Premyer Liqanın 7 qol vuran tapıntısı yayı nişan verdi: “İndidən deyə bilmərəm”

20:40 Sabah 151
Premyer Liqanın 7 qol vuran tapıntısı yayı nişan verdi: “İndidən deyə bilmərəm”

“Sabah”da inamlı mövsüm keçirən Velko Simiçi tək klubun yox, mövsümün tapıntısı hesab edə bilərik.

Bir neçə mövqedə oynamaq bacarığı ilə seçilən serbiyalı yarımmüdafiəçi bəlkə də karyerasının ən uğurlu mövsümünü keçirir.

30 yaşlı futbolçu Premyer Liqada meydana çıxdığı 15 matçda 7 qol vurub, 4 məshuldar ötürməyə imzasını yazdırmaqla hazırda elitanın bombardirlər sırasında yer alıb.

Lakin onu “Sabah”da saxlamaq heç də asan olmayacaq. Buna səbəb Velkonun müqavilə ilə “Sivasspor”a məxsus olub, icarə əsasında “tələbələr”in şərəfini qorumasıdır.

Yayda başa çatacaq sözləşmənin uzadılması üçün Türkiyə klubu ilə yanaşı, futbolçunun qərarı mühüm rol oynayacaq.

Simiç bu barədə nə düşünür? Gələcəyini “Sabah”da görür, yoxsa əla mövsüm keçirməklə daha sərfəli şərtləri nəzərdən keçirəcək?

Səbəbkar Sportinfo.az-ın mövzu ilə bağlı sualını belə cavablandırıb:

“Sabah”la icarə müqaviləsinin müddətinin başa çatmasına hələ çox var. Ona görə də bu gün bu barədə qətiyyən düşünmürəm.

May ayına qədər burada olacağım dəqiqdir. Ümid edirəm ki, inanılmaz mövsüm keçirərək “futbol ili”ni uğurla başa vuracağıq.

Ondan sonra nə baş verəcəyini indidən deyə bilmərəm. Çünki bu, klublar arasında həll olunması vacib məsələdir.

Mənim mövqeyimə gəlincə, hazırda “Sabah”da olmaqdan məmnunam və meydana çıxdığım oyunlardan zövq alıram.

Bir çox məsələlər var ki, bunlar üçtərəfli şəkildə müzakirə olunmalıdır. Yayda bu barədə ətraflı danışarıq”.

Karyerası ərzində “Srvena Svezda”, “Bazel”, “Voyvodina”, “Domjale”, “Şaffhauzen”, “Vintertur”, “Zemun”, “Voyvodina”, “Omoniya” kimi komandaların şərəfini qorumuş “Sabah”ın “21 nömrə”si 2025-ci ilin fevralında “Sivasspor”la 2,5 illik anlaşma imzalayıb.

Onun Türkiyə klubu ilə sözləşməsinin müddəti 2027-ci ilin yayında başa çatır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti