"Sabah"ın hücumçusu Coy-Lens Mikesl Premyer Liqanın 16-cı turunda "Qarabağ"ı məğlub etdikləri matçdan (2:1) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- “Qarabağ”la oyun barədə nə deyə bilərsən?
- Çox gərgin və emosional bir oyun idi. “Qarabağ” uzun illərdir çempionatın ən güclü komandasıdır, ona görə də onlara qarşı qazanılan hər qələbə xüsusi əhəmiyyət daşıyır. Bu matçda taktiki cəhətdən intizamlı idik, komanda şəklində çox çalışdıq və yaratdığımız fürsətlərdən yaxşı yararlandıq. Fikrimcə, qələbəyə tam layiq idik.
- Futbol ictimaiyyəti “Sabah”ı çempionluq uğrunda mübarizədə “Qarabağ”ın əsas rəqibi kimi görür. Sən bu fikirlə razılaşırsan?
- İnsanların bizi artıq ciddi namizəd kimi görməsi xoşdur, amma biz rahatlaşmırıq. Mövsüm uzundur, bizi qarşıda çox çətin oyunlar gözləyir. Üstəlik, “Qarabağ”ın çempionluq mübarizəsində böyük təcrübəsi var. Biz diqqətimizi ancaq öz oyunumuza yönəldirik və oyundan-oyuna inkişaf etməyə çalışırıq.
- Stadionda 5 mindən çox azarkeş var idi. Bu, komandaya əlavcə stimul verirdi?
- Stadionda atmosfer möhtəşəm idi. 5 mindən çox azarkeşin olması, xüsusilə oyunun çətin anlarında sənə əlavə enerji verir. Ümid edirəm ki, gələcəkdə tribunlarda daha çox azarkeş görəcəyik.
- “Sabah” son oyunlarda “Qarabağ”a qarşı yaxşı nəticələr qazanır. Bunun sirri nədədir?
- Xüsusi bir sirr yoxdur. Biz “Qarabağ”a hörmət edirik. Amma oyunlara çıxanda digər komandalarla oyunlarda olduğu kimi yalnız qələbə barədə düşünürük. Onlara qarşı oynayarkən diqqətli və psixoloji cəhətdən tam hazır oluruq. Oyun üslubumuz da uyğun gəlir, çünki biz də rəqib kimi cəsarətlə oynayır və özümüz də hücum edirik.
XANOĞLAN İMANOV

